75.1. Emitentlərin bu Qanunun 75-ci maddəsi ilə nəzərdə tutulan hesabatları Mərkəzi Banka təqdim edilməklə ictimaiyyətə açıqlanmalıdır.
75.2. Emitentin illik hesabatı ilin nəticələri üzrə hazırlanır, onun ali idarəetmə orqanı tərəfindən təsdiq edilməklə Mərkəzi Banka təqdim edilir və bu Qanunun 75.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada Mərkəzi Bank həmin hesabatların açıqlanmasının dayandırılması haqqında göstəriş vermədikdə, onlar ictimaiyyətə açıqlanmalı və həmin hesabatın növbəti beş il ərzində ictimaiyyət üçün açıq olması təmin ediməlidir.
75.3. Emitentlərin illik hesabatında aşağıdakılar öz əksini tapmalıdır:
75.3.1. maliyyə hesabatları və onun yoxlanılması üzrə kənar auditor rəyi (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla);
75.3.2. idarəetmə hesabatı.
75.4. Qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər maliyyə ilinin ilk altı ayı başa çatdıqdan sonra iki aydan gec olmayaraq yarımillik hesabatını ictimaiyyətə açıqlamalıdır. Yarımillik hesabat emitentin idarəetmə orqanı tərəfindən təsdiq olunmalı və Mərkəzi Banka təqdim edilməlidir. Mərkəzi Bank həmin hesabatların açıqlanmasının dayandırılması haqqında bu Qanunun 75.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada göstəriş vermədikdə hesabatlar ictimaiyyətə açıqlanır. Emitent yarımillik hesabatının beş il müddətində ictimaiyyət üçün açıq olmasını təmin etməlidir.
75.5. İllik və yarımillik hesabat emitent tərəfindən təsdiq edildiyi tarixdən etibarən on iş günündən gec olmayaraq Mərkəzi Banka təqdim edilməlidir. İllik və yarımillik hesabatlar bu Qanunun 75.12-ci maddəsində müəyyən edilmiş tələblərə uyğun olmadıqda, yaxud özündə təhrif edilmiş məlumatlar əks etdirdikdə, təqdim edildiyi tarixdən etibarən on beş iş günü müddətində Mərkəzi Bank həmin nöqsanların aradan qaldırılmasını və hesabatların açıqlanmasının dayandırılmasını emitentdən yazılı surətdə tələb edir.
75.6. Bu Qanunun 75.5-ci maddəsi ilə müəyyən edilmiş müddət ərzində illik və yarımillik hesabatın açıqlanmasının dayandırılmasını Mərkəzi Bank tələb etmədikdə, emitent illik və yarımillik hesabatında olan məlumatların Mərkəzi Banka təqdim edildiyi tarixdən etibarən otuz təqvim günü ərzində öz internet səhifəsində (olduqda) və mediada açıqlanmasını təmin etməlidir. Qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər illik və yarımillik hesabatları, bu Qanunun 1.0.26-cı maddəsi ilə müəyyən edilmiş vahid məlumat resursunda, özünün (olduqda) və fond birjasının internet səhifəsində açıqlamalıdır.
75.7. Emitent tərəfindən illik və yarımillik hesabata dəyişikliklər yalnız hesabatın ictimaiyyətə açıqlanmasından əvvəl Mərkəzi Banka təqdim olunmaqla edilir. Mərkəzi Bank dəyişiklərdə nöqsanlar aşkar etdikdə, onların daxil olduğu tarixdən etibarən beş iş günü müddətində dəyişikliklərin hesabata daxil edilməsinin dayandırılmasını tələb edir. Həmin müddət ərzində dəyişikliklərin hesabata daxil edilməsinin dayandırılmasını Mərkəzi Bank tələb etmədikdə, emitent hesabatlarda dəyişikliklər etməklə bu Qanunun 75.6-cı maddəsi ilə müəyyən edilmiş müddətdə açıqlayır.
75.8. Bu Qanunun 75.4-cü maddəsi ilə müəyyən edilmiş emitentlərin yarımillik hesabatlarında aşağıdakılar öz əksini tapmalıdır:
75.8.1. aralıq maliyyə hesabatı;
75.8.2. aralıq idarəetmə hesabatı.
75.9. Aralıq idarəetmə hesabatında ən azı maliyyə ilinin ilk altı ayı ərzində baş vermiş vacib hadisələr və maliyyə ilinin qalan altı ayı üzrə əsas risklərin və problemlərin təsviri, habelə onların aralıq maliyyə hesabatlarına təsiri haqqında qeydlər göstərilməlidir.
75.10. Aralıq maliyyə hesabatları kənar auditorlar tərəfindən yoxlanıldıqda, emitent həmin audit rəylərini öz hesabatına əlavə etməlidir.
75.11. Bu Qanunun 75-ci maddəsi aşağıda göstərilən emitentlərə şamil edilmir:
75.11.1. dövlətə və bələdiyyələrə, Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlara və Mərkəzi Banka;
75.11.2. kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış borc qiymətli kağızlarının nominal dəyərinin həcmi Mərkəzi Bank tərəfindən müəyyən edilmiş dəyərdən az olan emitentlərə.
75.12. Emitentin maliyyə hesabatları “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tərtib edilərək auditor rəyi ilə təsdiq edilir, idarəetmə hesabatına dair tələbləri isə Mərkəzi Bank müəyyən edir.