Qanunvericilik › Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 77

Maddə 77. Emitentin məlumatları açıqlamasına dair tələblər

Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

77.1. Emitentlərin qiymətli kağızlarında və ya törəmə maliyyə alətlərində təsbit edilmiş hüquqlarda hər hansı dəyişikliklər olduqda, onlar bu barədə məlumatı dərhal ictimaiyyətə açıqlamalıdır.

77.2. Qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər (Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlar istisna olmaqla) aşağıdakı hallarda məlumatları ictimaiyyətə açıqlamalıdır:

77.2.1. borc alınması məqsədi ilə qiymətli kağızları buraxdıqda;

77.2.2. hər hansı təminat verdikdə (təminatın məbləği təminatçının nizamnamə kapitalının 5 faizindən artıq olduqda);

77.2.3. emissiya prospektində və ya informasiya memorandumunda göstərilən kütləvi təklif üsulu ilə cəlb olunmuş vəsaitin istifadəsində dəyişiklik olduqda.

77.3. Kütləvi təklif üsulu ilə cəlb olunmuş vəsaitin istifadəsində dəyişiklik nəzərdə tutulduqda, emitentin müşahidə şurası həmin dəyişikliyin səbəbini, həmin vaxta qədər istifadə olunmuş vəsaitin qiymətləndirilməsini, habelə yeni investisiya planını və onun icra edilməsi üçün müddət cədvəlini əks etdirən hesabatı təsdiq edilməsi üçün səhmdarlarının (payçılarının) ümumi yığıncağına təqdim edir. Səhmdarların (payçılarının) ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərarı emitent beş iş günündən gec olmayaraq Mərkəzi Banka və qiymətli kağızları ticarətə buraxmış fond birjasına təqdim edir.

77.4. Qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitent nizamnaməsinə əlavə və ya dəyişikliklər etdikdə, bu barədə məlumatı Mərkəzi Banka və qiymətli kağızların ticarət olunduğu fond birjasına təqdim etməlidir.

77.5. Emitentlərin bu Qanunla açıqlanması nəzərdə tutulan məlumatları Azərbaycan dilində açıqlanır. Qiymətli kağızları Azərbaycan Respublikasının və digər ölkənin ərazisində tənzimlənən bazarlarda ticarətə buraxılmış emitent bu Qanunla açıqlanması nəzərdə tutulan məlumatı Mərkəzi Bankın müəyyən etdiyi dildə açıqlamalıdır.

77.6. Emitent investorlardan məlumatın təqdim edilməsinə görə haqq tələb edə bilməz.

77.7. Qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər bu Qanunla açıqlanması nəzərdə tutulan məlumatları (bu Qanunla tələb olunduqda) Mərkəzi Bankın müəyyən etdiyi qaydada bu Qanunun 1.0.26-cı maddəsi ilə müəyyən edilmiş vahid məlumat resursunda və öz internet səhifəsində (olduqda) açıqlamalıdır.

77.8. Vahid məlumat resursuna dair tələbləri Mərkəzi Bank müəyyən edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver