Qanunvericilik › Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 78

Maddə 78. Qiymətli kağızlar bazarında sui-istifadə halları

Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

78.1. Qiymətli kağızlar bazarında sui-istifadə hallarına insayd məlumatın istifadəsi ilə qiymətli kağızlar bazarında əqdlərin bağlanması və manipulyasiyalar aid edilir.

78.2. İnsayd məlumatı açıqlanmamış, birbaşa və ya dolayı yolla bir və ya bir neçə emitentə, qiymətli kağızlara və ya törəmə maliyyə alətlərinə aid olan və açıqlandığı təqdirdə qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin qiymətinə əhəmiyyətli dərəcədə təsir edə biləcək dəqiq xarakterli məlumatdır.

78.3. Qiymətli kağızlar bazarında sui-istifadə hallarına yol verilmir.

78.4. Qiymətli kağızlar bazarında manipulyasiyalara aşağıdakılar aid edilir:

78.4.1. qiymətli kağızların və törəmə maliyyə alətlərinin qiymətinə və ya onlara olan tələb və təklifə dair yanlış və ya aldadıcı məlumatlar verən və ya verə bilən əqdlər bağlanması və ya tapşırıqlar (sifarişlər) verilməsi;

78.4.2. əqdlər bağlanması və ya əqdlər bağlanması üçün tapşırıq verilməsi vasitəsilə bir və ya birgə hərəkət edən bir neçə şəxs tərəfindən qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin qiymətinin süni səviyyədə saxlanılması və dəyişdirilməsi;

78.4.3. saxta vasitələrdən istifadə etməklə, yaxud qiymətli kağızlarla və ya törəmə maliyyə alətləri ilə saxtakarlıqla müşayiət olunan əqdlərin bağlanması və ya belə əqdlərin bağlanması üçün tapşırıq verilməsi;

78.4.4. media və ya hər hansı digər vasitələrlə qiymətli kağızlara və ya törəmə maliyyə alətlərinə dair yanlış və yayındırıcı təsəvvür yaradan və ya yarada biləcək xəbərlərin, şayiələrin və digər məlumatın yayılması.

78.5. Qiymətli kağızlar bazarında sui-istifadənin müəyyən edilməsi və qarşısının alınması qaydasını Mərkəzi Bank müəyyən edir.

78.6. İnsayd məlumatdan istifadə ilə qiymətli kağızlar bazarında əqdlər bağlanması və manipulyasiya halları barədə şübhə olduqda, investisiya şirkəti, investisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bank və fond birjası bu barədə Mərkəzi Banka dərhal məlumat verməlidirlər. Həmin məlumatın üçüncü şəxslərə açıqlanmasına yol verilmir.

78.7. Bu Qanunun 10-cu fəsli ilə insayd ticarətinə və manipulyasiyalara dair müəyyən edilmiş müddəalar aşağıdakılara şamil edilmir:

78.7.1. Mərkəzi Bankın pul və məzənnə siyasətinin, habelə dövlətin borclanma siyasətinin həyata keçirilməsi məqsədilə aparılan əməliyyatlara;

78.7.1-1. Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlara və onların emissiya etdiyi qiymətli kağızlarla olan əməliyyatlara;

78.7.2. bu Qanunun 12-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 105-1-ci maddəsinə uyğun olaraq qiymətli kağızların qiymətinin sabitləşdirilməsi və emitent tərəfindən qiymətli kağızların geri alınması üzrə keçirilən əməliyyatlara.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver