8.1. İnvestisiya qiymətli kağızlarının yerləşdirilməsi emitentin investisiya qiymətli kağızlarını onların ilk mülkiyyətçilərinin əldə etməsidir. İnvestisiya qiymətli kağızlarının yerləşdirilməsi qiymətli kağızların ilk mülkiyyətçilərinin depo hesabına köçürüldüyü anda başa çatmış sayılır.
8.2. İnvestisiya qiymətli kağızlarının yerləşdirilməsi kütləvi təklif və ya qapalı yerləşdirmə üsulu ilə həyata keçirilir.
8.3. İnvestisiya qiymətli kağızlarının kütləvi təklifi onların qeyri-müəyyən sayda şəxsə, yaxud media ilə və ya 50 nəfərdən artıq şəxsə təklif edilməsidir.
8.4. İnvestisiya qiymətli kağızlarının qapalı yerləşdirilməsi qiymətli kağızları 50 nəfərdən az şəxsə təklif etməklə və ya qiymətli kağızların buraxılışı haqqında qərarda investisiya qiymətli kağızlarını əldə edəcək investorları göstərməklə keçirilən yerləşdirmədir.
8.5. Emitent investisiya qiymətli kağızlarının yerləşdirilməsi hüquqlarını həmin kağızların buraxılışı dövlət qeydiyyatına alındığı andan əldə edir.
8.6. İnvestisiya qiymətli kağızlarının (kütləvi təklifi kraudfandinq platforması vasitəsilə həyata keçirilən investisiya qiymətli kağızları, dövlət müəssisələri özəlləşdirilərkən yaradılan səhmdar cəmiyyətlərinin səhmləri, habelə Mərkəzi Bank tərəfindən buraxılan qiymətli kağızlar və ya Mərkəzi Bankın dövlətin maliyyə agenti qismində çıxış etdiyi halda onun tərəfindən yerləşdirilən dövlət qiymətli kağızları istisna olmaqla) kütləvi təklifi yalnız fond birjası vasitəsilə həyata keçirilir.
8.7. İnvestisiya qiymətli kağızlarına abunə yazılışının müddəti üç aydan çox ola bilməz.
8.8. Abunə yazılışı başa çatdıqdan sonra beş iş günü ərzində emitent və ya təklif edən şəxs qiymətli kağızların yerləşdirilməsinə başlamalıdır. İnvestisiya qiymətli kağızlarının yerləşdirilməsi müddəti başlandığı tarixdən etibarən yeddi iş günündən çox olmamalıdır.
8.9. Yerləşdirilən investisiya qiymətli kağızlarının sayı investisiya qiymətli kağızlarının buraxılışı haqqında qərarda, emissiya prospektində və ya informasiya memorandumunda göstərilən saydan çox olmamalıdır. Emissiya prospektində, informasiya memorandumunda və ya investisiya qiymətli kağızlarının buraxılışı haqqında qərarda emissiyanın baş tutmuş hesab edilməsi üçün minimum say müəyyən edildiyi halda qiymətli kağızlar həmin saydan az miqdarda yerləşdirildikdə emissiya baş tutmamış hesab edilir. Kütləvi təklif edilən istiqrazların emissiyasına daxil olan, lakin yerləşdirilməyən istiqrazlar onların buraxılışı haqqında qərarda müəyyən edilmiş yerləşdirmə müddəti başa çatdıqdan sonra dövriyyədən çıxarılmış hesab edilir.
8.10. Kütləvi təklif edilən investisiya qiymətli kağızlarının alışı zamanı, bu Qanunun 8.11-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, bir alıcıya başqa alıcılara nisbətən üstünlük verilməsi qadağandır.
8.11. Səhmdarlar səhmdar cəmiyyəti tərəfindən əlavə buraxılan səhmləri cəmiyyətin nizamnamə kapitalında malik olduqları paya mütənasib şəkildə almaqda üstünlük hüququna malikdirlər. Bu hüquq səhmdarların ümumi yığıncağının qərarı ilə məhdudlaşdırıla bilər.
8.12. Bu Qanunun 8.11-ci maddəsində nəzərdə tutulan üstünlük hüququndan istifadə imkanı barədə bildiriş əlavə səhm buraxılışı dövlət qeydiyyatına alındıqdan sonra beş iş günü ərzində səhmdar cəmiyyəti tərəfindən sifarişli poçt göndərişi ilə hər bir səhmdara göndərilməlidir. Səhmdar üstünlük hüququndan istifadə etməsi barədə yazılı tələbini bildirişi aldığı tarixdən on iş günü ərzində səhmdar cəmiyyətinin icra orqanına təqdim edə bilər. Bu zaman əlavə buraxılan səhmlərin üstünlük hüququndan istifadə edən səhmdarlara təklif edilən qiyməti həmin səhmlərin yerləşdirməsi zamanı üçüncü şəxslərə təklif edilən qiymətdən aşağı olmamalıdır.
8.13. Kütləvi təklif edilən investisiya qiymətli kağızlarının dəyəri yalnız pulla ödənilir və bu pul vəsaiti klirinq təşkilatının üzvü olan banklarda (“Kraudfandinq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hal istisna olmaqla) emitentin açdığı müvəqqəti cari hesabda saxlanılır. Müvəqqəti cari hesabda olan pul vəsaitlərinin emitentin hesabına köçürülməsi aşağıdakı qaydada həyata keçirilir:
8.13.1. kütləvi təklif edilən səhmlər barəsində bu Qanunun 11.4-cü maddəsində göstərilən qaydada;
8.13.2. kütləvi təklif edilən istiqrazlar barəsində bu Qanunun 8.1-ci maddəsinə uyğun olaraq yerləşdirmə başa çatdıqdan dərhal sonra.
8.14. Abunə yazılışının qiyməti investisiya qiymətli kağızlarının yerləşdirilməsi və ya kütləvi təklifi zamanı satış qiymətidir. Abunə yazılışının qiyməti və ya həmin qiymətin müəyyən edilməsi qaydaları və ya kütləvi təklif edilən investisiya qiymətli kağızlarının qiymət dəhlizi investisiya qiymətli kağızlarının buraxılışı haqqında qərarda, emissiya prospektində və ya informasiya memorandumunda əks olunmalıdır. Abunə yazılışının qiyməti emissiya prospektində və ya informasiya memorandumunda müəyyən edilmədikdə, həmin qiymət yerləşdirmənin başlanmasına ən azı beş iş günü qalmış açıqlanır. Qiymət dəhlizindən kənara çıxan qiymətlərlə investisiya qiymətli kağızlarının kütləvi təklifinə yol verilmir.
8.15. İnvestisiya qiymətli kağızlarına abunə yazılışı və onların yerləşdirilməsi qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilir.
8.16. Azərbaycan Respublikası emitentlərinin investisiya qiymətli kağızlarının və ya digər şəxs tərəfindən onların aktivləri ilə təmin olunmuş investisiya qiymətli kağızlarının Azərbaycan Respublikası ərazisindən kənarda buraxılışı və yerləşdirilməsi qaydasını Mərkəzi Bank müəyyən edir.
8.17. Bütün səhmləri dövlətə məxsus səhmdar cəmiyyətləri yaradılarkən Mərkəzi Bank həmin səhmdar cəmiyyətlərinin səhmlərinin buraxılışını bu Qanunun 2-ci fəslinin müddəaları tətbiq edilmədən (bu Qanunun 6.3.1-ci və 6.3.3-cü maddələrində göstərilən sənədlərin təqdim edilməsi istisna olmaqla) dövlət qeydiyyatına alır və onlar yerləşdirilmiş hesab edilir. Bu maddə həmin səhmdar cəmiyyətlərinin səhmlərinin növbəti buraxılışlarına (həmin səhmlərin dövlət orqanları (qurumları) və ya bütün səhmləri dövlətə məxsus səhmdar cəmiyyətləri tərəfindən əldə ediləcəyi hallar istisna olmaqla) şamil edilmir. Səhmlərin dövlət orqanları (qurumları) və ya bütün səhmləri dövlətə məxsus səhmdar cəmiyyətləri tərəfindən əldə ediləcəyi hallarda səhm buraxılışı bu Qanunun 6.3.1-ci, 6.3.2-ci (bu Qanunun 4.3.6-cı, 4.3.7-ci və 4.3.8-1-ci maddələrində göstərilən məlumatlar istisna olmaqla) və 6.3.3-cü maddələrində göstərilən sənədlərin təqdim edilməsi yolu ilə dövlət qeydiyyatına alınır və həmin səhmlər yerləşdirilmiş hesab edilir.