Qanunvericilik › Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 84

Maddə 84. Dövlət reyestri

Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

84.1. Lisenziyalaşdırılan şəxslərin, habelə investisiya şirkətlərinin filial və nümayəndəliklərinin dövlət reyestrini Mərkəzi Bank aparır. Dövlət reyestrinə lisenziyalaşdırılan şəxslərin, habelə investisiya şirkətlərinin filial və nümayəndəliklərinin adları, hüquqi ünvanları, onlara verilmiş və ləğv edilmiş lisenziya və ya icazələrin qeydiyyat nömrələri və tarixləri (bu Qanunla lisenziya və icazə tələb olunduqda), fəaliyyətinə xitam verilməsi, investisiya şirkətlərinin göstərdiyi xidmətlər (əməliyyatlar) və fond birjasının ticarəti təşkil edəcəyi qiymətli kağız bazarlarının növləri və orqanlarının üzvləri barədə məlumatlar daxil edilir. Lisenziyalaşdırılan şəxslər, habelə investisiya şirkətlərinin filialları və nümayəndəlikləri Mərkəzi Bank tərəfindən onlara müvafiq lisenziyaların və icazələrin (bu Qanunla tələb olunduqda) verildiyi tarixdən etibarən dövlət reyestrinə daxil edilir.

84.2. Qiymətli kağızların buraxılışının, emissiya prospektlərinin və informasiya memorandumlarının dövlət reyestrini Mərkəzi Bank aparır. Dövlət reyestrinə qiymətli kağızların emitentlərinin adları, onların dövlət qeydiyyatı rekvizitləri və hüquqi ünvanları, qiymətli kağızların buraxılışı haqqında qərarın qəbul edilməsi tarixi, qiymətli kağızların qeydiyyat nömrəsi və tarixi, növü, forması, sayı və nominal dəyəri barədə məlumatlar daxil edilir. Dövlət reyestrinin aparılması qaydasını Mərkəzi Bank müəyyən edir.

84.3. Dövlət reyestrinə daxil edilmiş məlumatlar ictimaiyyət üçün açıq olmalıdır.

84.4. Lisenziyalaşdırılan şəxslər və emitentlər reyestrə daxil edilmiş məlumatlarda dəyişikliklər barəsində Mərkəzi Banka beş iş günü müddətində yazılı bildiriş göndərirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver