86.1. Aparılan təhlillər və ya araşdırmalar (yerində yoxlamalar istisna olmaqla) nəticəsində lisenziyalaşdırılan şəxslərin, mərkəzi depozitarın və ya emitentlərin fəaliyyətində bu Qanunun və qiymətli kağızlar bazarına aid digər normativ hüquqi və normativ xarakterli aktların tələblərinin pozulması və ya buna şərait yarada bilən hallar aşkar edildikdə, o cümlədən “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq əsaslandırılmış mülahizə hüququndan istifadə edildikdə Mərkəzi Bank belə pozuntu və (və ya) halların müəyyən müddət ərzində aradan qaldırılmasına, yaxud qarşısının alınmasına dair icrası məcburi olan tədbirlər barədə yazılı göstərişlər verir.
86.2. Mərkəzi Bank icrası məcburi göstərişlər verməklə, lisenziyalaşdırılan şəxslərdən, mərkəzi depozitardan və ya emitentlərdən onlara aid olan hallarla bağlı müvafiq olaraq aşağıdakıları tələb edir:
86.2.1. bu Qanunla və qiymətli kağızlar bazarına aid digər normativ hüquqi və normativ xarakterli aktlar ilə müəyyən edilmiş tələblərin yerinə yetirilməsini;
86.2.2. bu Qanunun və qiymətli kağızlar bazarına aid digər normativ hüquqi və normativ xarakterli aktların müddəalarının pozulması hallarının aradan qaldırılmasını;
86.2.3. sənəd və məlumatların təqdim edilməsini;
86.2.4. təqdim edilmiş sənədlərdə yanlış və qeyri-dürüst məlumatlar və ya çatışmazlıqlar aşkar olunduqda, onların yenidən təqdim edilməsini;
86.2.5. lisenziyalaşdırılan şəxslərdə bu Qanunun 63-cü maddəsində göstərilən vəzifə tutan şəxslərin vəzifələrindən müvəqqəti kənarlaşdırılması və ya azad edilməsi;
86.2.6. investisiya şirkətinin yeni filiallarının açılmasının dayandırılması və ya fəaliyyət göstərən filiallarının işinin dayandırılması və ya fəaliyyətlərinə xitam verilməsi.
86.3. Mərkəzi Bank icrası məcburi olan göstərişin verilməsi üçün əsəlandırılmış qərar qəbul etməli və onu barəsində qərar qəbul edilmiş şəxsə göndərməlidir. Həmin qərarda icrası məcburi olan hər bir göstərişin səbəbi, yerinə yetirilməli olan tədbirlər və onların yerinə yetirilməsinin son tarixi göstərilməlidir.
86.4. Barəsində bu Qanunun 86.3-cü maddəsində göstərilən qərar qəbul edilmiş şəxs həmin qərarı aldıqdan sonra orada göstərilmiş müddət ərzində müvafiq tədbirləri yerinə yetirməli və bu barədə Mərkəzi Banka hesabat təqdim etməlidir. Yerinə yetirilməli olan tədbirlər əlavə vaxt tələb etdikdə, Mərkəzi Bank müvafiq əsaslandırılmış müraciət əsasında əlavə vaxt müəyyən edir.
86.5. Mərkəzi Bank bu Qanunun 86.4-cü maddəsində göstərilən hesabatı müəyyən olunmuş müddət ərzində almadıqda və ya həmin hesabatdan icrası məcburi olan göstərişlərin tam və ya qismən yerinə yetirilmədiyini müəyyən etdikdə, icrası məcburi olan göstərişin verilməsi üçün təkrar qərar qəbul edir. Həmin təkrar qərara bu Qanunun 86.3-cü və 86.4-cü maddələrinin müddəaları tətbiq edilir.
86.6. Bu Qanunun 86.3-cü və 86.5-ci maddələrində göstərilmiş qərarlardan inzibati və məhkəmə qaydasında şikayət verilə bilər.