4.1. Tərkibində qiymətli metallar və qiymətli daşlar olan yerin təki sahələri dövlətin müstəsna mülkiyyətidir, onların üzərində sahiblik, istifadə və sərəncam hüququ Azərbaycan Respublikasına mənsubdur.
4.2. Azərbaycan Respublikası Konstitusiyasına, "Yerin təki haqqında" Azərbaycan Respublikasının Qanununa, bu qanuna, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq Azərbaycan Respublikası Xəzər dənizinin (gölünün) ona mənsub olan bölməsində yer təkindən qiymətli metallar və qiymətli daşlar olan sahələrinə suveren hüquqlara malikdir və onlarla bağlı öz yurisdiksiyasını həyata keçirir.
4.3. Qiymətli metalların və qiymətli daşların "Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununa əsəsən istifadəçiləri yerin təkinin qiymətli metallar və qiymətli daşlar olan sahələrindən həmin qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi razılıq (lisenziya) əsasında istifadə edə bilərlər.
4.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, digər qəbildən olan müqavilələrdə, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş xüsusi razılıqlarda (lisenziyalarda) başqa hallar nəzərdə tutulmadıqda, yerin təkindən çıxarılmış qiymətli metallar və qiymətli daşlar, onların hasilatı zamanı qanuni alınan digər məhsullar və gəlirlər qiymətli metalların və qiymətli daşların hasilatı subyektlərinə məxsusdur.
4.5. Yerin təkindən hasil olunmuş qiymətli metallar və qiymətli daşlar, standarta uyğun affinaj edilmiş qiymətli metallar, habelə rekuperasiya edilmiş qiymətli daşlar çeşidlənmiş şəkildə satılarkən onları hasil və istehsal etmiş subyektlər həmin qiymətli metalları və qiymətli daşları Azərbaycan Respublikasının qızıl ehtiyatını doldurmaq üçün ilk növbədə müvafiq icra hakimiyyəti orqanına qanunvericiliklə müəyyən edilmiş qaydada təklif edilməlidir. Qeyd edilən qiymətli metalların və qiymətli daşların satışı baş tutduqda ödəniş qiymətli metalların və qiymətli daşların dünya və ölkə daxili bazar qiymətləri nəzərə alınmaqla həyata keçirilir.
4.6. Mülkiyyət formasından asılı olmayaraq qiymətli metallar və qiymətli daşlarla, onlardan hazırlanmış zərgərlik və digər məişət məmulatları ilə əməliyyatlar həyata keçirən hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və formada onların uçotunu aparır, statistik hesabatlar təqdim edir.
4.7. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət, hüquqi və fiziki şəxslər qiymətli metalları və qiymətli daşları, onlardan hazırlanmış zərgərlik və digər məmulatları mülkiyyətinə əldə edə bilərlər.