Qanunvericilik › Reklam haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 22

Maddə 22. Dövri mətbu nəşrlərdə, yazılı bildirişlərdə, çap və audiovizual məhsullarda reklam

Reklam haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

22.1. Reklam xarakteri daşımayan dövri mətbu nəşrlərdə yerləşdirilən reklam müvafiq olaraq “reklam”, “reklam hüququ əsasında”, “sponsorluq” və ya “tərəfdaşlıq” qeydləri edilməklə verilməlidir. Bu cür nəşrlərdə yerləşdirilən reklam dövri mətbu nəşrin ümumi həcminin 30 faizindən çox olmamalıdır (dövri mətbu nəşrin üz və arxa qabığında, qəzetlərin birinci səhifəsində verilən reklam istisna olmaqla).

22.2. Yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş dövri mətbu nəşrlərdə onlara aid olmayan əmtəələrin reklamı qadağandır.

22.3. Əhaliyə göndərilən yazılı bildirişlərdə (forması rəsmi təsdiq olunmuş bildirişlər istisna olmaqla) reklam (həmin müəssisənin özü barədə yerləşdirdiyi məlumat istisna edilməklə) onu göndərən müəssisə ilə reklamverici (reklam istehsalçısı, reklam agenti) arasında bağlanılan müqavilə əsasında yerləşdirilə bilər.

22.4. Dərslikdə, dərs vəsaitində, tədris materialında, məktəb gündəliyində, dəftərdə, albomda, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitabda reklam yerləşdirilə bilməz.

22.5. Dövri mətbu nəşrlərdə yayımlanan elanlarda (anonslarda) əmtəə nişanının, reklamvericinin, sponsorun adının və loqosunun yerləşdirilməsi reklam hesab olunur.

22.6. Audiovizual məhsulların qabının üzərində "reklamla" yaxud "reklamsız" qeydləri olmalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver