26-1.1. Rəqəmsal platforma təsirçisi tərəfindən həyata keçirilən reklam yayımı “reklam”, “reklam hüququ əsasında”, “sponsorluq” və ya “tərəfdaşlıq” qeydi ilə müşayiət olunmalıdır.
26-1.2. Rəqəmsal platforma təsirçisi tərəfindən reklamı həyata keçirilən əmtəənin təqdim edilməsi zamanı reklam materiallarını audio və ya vizual olaraq dəyişən tətbiqlərdən istifadə edildikdə bu barədə reklam istehlakçısı məlumatlandırılmalıdır.
26-1.3. Rəqəmsal platforma təsirçisi tərəfindən həyata keçirilən reklam fəaliyyəti zamanı reklamverici barədə aşağıdakı məlumatlar verilməlidir:
26-1.3.1. hüquqi şəxsin adı, faktiki ünvanı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;
26-1.3.2. sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin soyadı, adı, atasının adı, fəaliyyət ünvanı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;
26-1.3.3. əlaqə məlumatları (telefon və elektron poçt ünvanı).
26-1.4. Rəqəmsal platforma təsirçisi tərəfindən həyata keçirilən reklam fəaliyyəti zamanı aşağıdakılar qadağan edilir:
26-1.4.1. özünün istehlak etmədiyi əmtəəni istehlak etməsi barədə yanlış təsəvvür yaratmaq;
26-1.4.2. reklam daşıyıcısı olan rəqəmsal platforma vasitəsilə reklam olunan əmtəə barədə məlumat vermək üçün saxta hesablar yaratmaq.
26-1.5. Bu Qanunun 26-1-1 – 26-1.4-cü maddələrində nəzərdə tutulmuş tələblər audiovizual media subyektlərinin reklam daşıyıcısı olan rəqəmsal platformalardakı reklam fəaliyyətlərinə aid edilmir.