Qanunvericilik › Reklam haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 27

Maddə 27. Alkoqollu içkilərin reklamı

Reklam haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

27.1. Alkoqollu içkilərin reklamında aşağıdakılar qadağandır:

27.1.1. alkoqollu içkidən istifadə nəticəsində şəxsin ictimai nüfuz qazanacağı, peşədə, idmanda və ya digər sahələrdə şəxsi uğurlar əldə edəcəyi, fiziki və ya emosional durumunu yaxşılaşdıracağı barədə rəyin formalaşdırılması;

27.1.2. alkoqollu içkilərdən istifadə etməyənlərin nüfuzdan salınması;

27.1.3. alkoqollu içkilərdən istifadənin ziyansız və ya insan sağlamlığı üçün xeyirli, müalicəvi xassələrə malik olması rəyinin formalaşdırılması;

27.1.4. tündlük dərəcəsi yüksəldikcə, alkoqollu içkilərin keyfiyyətinin yüksəlməsi barədə fikir yaradılması, onların susuzluğu yatırmaq vasitəsi kimi təqdim edilməsi;

27.1.5. alkoqollu içkilərdən istifadə olunması ilə bağlı yetkinlik yaşına çatmayanlara müraciət edilməsi;

27.1.6. uşaqlar üçün və dini proqramların alkoqollu içkilərin reklamı ilə kəsilməsi;

27.1.7. cəmiyyətdə tanınmış olan şəxslərin, kino və animasiya filmləri qəhrəmanlarının, heyvanların təsvirlərindən istifadə edilməsi;

27.1.8. alkoqollu içkilərdən istifadə olunma prosesinin nümayişi;

27.1.9. televiziya və radio proqramlarında tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin reklamının saat 7.00-dan 23.00-dək yayımlanması.

27.2. Aşağıdakı reklam daşıyıcılarında alkoqollu içkilərin reklamı yerləşdirilə bilməz:

27.2.1. tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin dövri mətbu nəşrin üz və arxa qabığında, internet informasiya ehtiyatlarının ön səhifəsində və rəqəmsal platforma təsirçisi tərəfindən rəqəmsal platformada yerləşdirilən materiallarda;

27.2.2. yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş mətbu nəşrlərdə, audio və video materiallarda;

27.2.3. telekommunikasiya qurğularında (tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin);

27.2.4. alkoqollu içkilərin nümunələrinin paylanması və dequstasiyası ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsinə yalnız onların pərakəndə satış yerlərində, ixtisaslaşmış sərgilərin dequstasiya zallarında icazə verilir. Bu reklam aksiyasında yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin pulsuz paylanması, alkoqollu içki nümunələrinin dequstasiya üçün təklif olunması qadağandır.

27.3. Tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin reklamı ondan həddən artıq istifadənin sağlamlıq üçün zərərli olması barədə xəbərdarlıqla müşayiət olunmalıdır. Bu xəbərdarlığa reklam sahəsinin 10 faizindən az olmayaraq yer ayrılmalıdır.

27.4. Nəqliyyat vasitələrinin üzərində, habelə onların fəaliyyətini təmin edən binaların, qurğuların üzərində və daxilində (alkoqollu içkilərin pərakəndə satışının həyata keçirildiyi yerlər istisna olunmaqla) alkoqollu içkilərin reklamının yerləşdirilməsi qadağandır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver