Qanunvericilik › Reklam haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 29

Maddə 29. Dərman vasitələrinin, tibb vasitələrinin, tibbi xidmətlərin reklamı

Reklam haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

29.1. Azərbaycan Respublikasında yalnız resept olmadan buraxılan dərman vasitələri, istifadəsinə (tətbiqinə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilmiş tibb vasitəsi, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodları reklam oluna bilər.

Resept olmadan buraxılan dərman vasitələrinin, tibb vasitəsinin, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının reklamvericisi reklam istehsalçısına və reklam yayıcısına, rəqəmsal platforma təsirçisinə, onların tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumu və ya akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən verilmiş sertifikatın, dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqənin, dərman vasitəsindən istifadəyə dair təlimatın, təlimatda dərman vasitəsinin buraxılması qaydası göstərilmədiyi hallarda müvafiq məlumat olan sənədin, mənşə sertifikatının, reklamda istinad olunduqda, tədqiqatların nəticələrini təsdiq edən sənədin surətlərini təqdim edir.

Bu maddənin ikinci abzasında nəzərdə tutulmuş uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir.

29.2. Resept olmadan buraxılan dərman vasitələrinin reklamında aşağıdakılara yol verilmir:

29.2.1. yetkinlik yaşına çatmayan şəxslərə müraciət etmək;

29.2.2. reklam olunan dərman vasitəsinin istifadəsi nəticəsində insanın xəstəliklərdən sağalmasının, səhhətinin yaxşılaşmasının konkret hallarına istinad etmək;

29.2.3. reklam olunan dərman vasitəsindən istifadə ilə bağlı fiziki şəxslərin minnətdarlığını bildirmək;

29.2.4. sağlam insanda reklam olunan dərman vasitəsinin istifadə edilməsinin zəruriliyi barədə təsəvvür yaratmaq;

29.2.5. həkimə müraciət etməyin gərəksiz olmağı barədə təsəvvür yaratmaq;

29.2.6. reklam olunan dərman vasitəsinin müsbət təsirinə, təbii mənşəli olmasına, təhlükəsizliyinə, effektivliyinə və əlavə təsirlərin olmamasına təminat vermək;

29.2.7. reklam olunan dərman vasitəsini bioloji aktiv qida məhsulu qismində və ya dərman vasitəsi olmayan digər əmtəə (məhsul) qismində təqdim etmək.

29.3. Resept olmadan buraxılan dərman vasitələrinin qəbulu və tibb vasitəsindən istifadə əlavə təsirlə müşayiət olunduqda, reklamda bu barədə məlumat verilməli, həkimlə yaxud mütəxəssislə məsləhətləşmənin zəruriliyi qeyd olunmalıdır.

29.4. Bu Qanunun 29.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, istifadəsi üçün xüsusi hazırlıq tələb olunan dərman vasitələri və tibbi texnika barədə reklam yalnız tibb sahəsində ixtisaslaşdırılmış mətbu nəşrlərində, tibb işçiləri və əczaçılar üçün keçirilən tədbirlərdə yayımlana bilər.

29.4-1. Azərbaycan Respublikasında donor orqanların reklamı qadağandır. İnsan orqanlarının və toxumalarının donorluğunun təbliği məqsədilə tibb müəssisələri və qeyri-hökumət təşkilatları tərəfindən bu Qanuna uyğun olaraq sosial reklamlar nümayiş etdirilə bilər.

29.5. Hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağandır.

29.6. Dərman vasitələrinin pulsuz paylanması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsi qadağandır.

29.7. Bu Qanunun 29.2.2-ci və 29.2.3-cü maddələrinin tələbləri tibb və ya əczaçılıqla bağlı sərgilər, seminarlar və konfranslar keçirilən yerlərdə yayımlanan reklama şamil edilmir.

29.8. Kütləvi müalicəvi seansların, hipnoz metodlarının, psixi və bioenerji təsirlərin müalicəvi xassələrinin reklamına yol verilmir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver