Qanunvericilik › Reklam haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 30

Maddə 30. Bioloji aktiv qida məhsullarının, körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamı

Reklam haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

30.1. Bioloji aktiv qida məhsullarının reklamında aşağıdakılar qadağandır:

30.1.1. dərman vasitəsi və ya müalicə xüsusiyyətinə malik olması barədə təəssürat yaratmaq;

30.1.2. onlardan istifadə edənlərin xəstəliklərdən sağalmasının, səhhətinin yaxşılaşmasının konkret hallarına, bu məhsulların tədqiqinin nəticələrinə istinad etməklə, istifadə olunmasının faydası barədə tövsiyələr vermək;

30.1.3. üstünlükləri barədə məlumatlar verməklə, sağlam və təbii məhsullarla qidalanmadan imtinaya təhrik etmək;

30.1.4. istifadəçilərinə minnətdarlıq bildirmək.

30.2. Körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamında aşağıdakılar qadağandır:

30.2.1. bu məhsulların ana südü ilə eyni olması, onu tam əvəz edə bilməsi, körpələrin ana südü ilə qidalanması ilə müqayisədə süni qidalanmasının üstünlükləri barədə məlumat vermək;

30.2.2. bu məhsullar barədə reklamı hamilə qadınlar və analar arasında, tibb müəssisələrində yayımlamaq.

30.3. Körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamında onlardan istifadənin yaş məhdudiyyətləri haqqında məlumat verilməli, mütəxəssislərlə məsləhətləşmənin zəruriliyi, ana südünün üstünlüyü qeyd olunmalıdır.

30.4. Bioloji aktiv qida məhsullarının, körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının tərkibi barədə məlumatlar, tədris və elmi xarakterli materiallar elmi mətnlə məhdudlaşdırılmalı, tibbi və uşaqlara qayğı məsələləri üzrə ixtisaslaşmış nəşrlərdə verilməlidir.

30.5. Bioloji aktiv qida məhsullarının, körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamının açıq məkanda yerləşdirilməsi qadağandır.

30.6. Bioloji aktiv qida məhsullarının, körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamının sifarişçisi reklam istehsalçısının və reklam yayıcısının tələbi ilə həmin məhsulların mənşə sertifikatının, idxal olunmuş qida məhsullarının idxal sağlamlıq aktının, qida zənciri subyektlərinin (obyektlərinin) qeydiyyatına və ya təsdiqinə dair Qida Təhlükəsizliyi Reyestrindən çıxarışın, istifadəsinə dair təlimatın, bu təlimatda dərman vasitəsinin buraxılması qaydası göstərilmədiyi hallarda müvafiq məlumat olan sənədin, reklamda istinad olunduqda, tədqiqatların nəticələrini təsdiq edən sənədin surətini təqdim edir.

30.7. Bioloji aktiv qida məhsullarının reklamında onların dərman vasitəsi olmadığı və müalicəvi xüsusiyyətlərə malik olmadığı haqqında məlumat verilməli, habelə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınmasını təsdiq edən qeydiyyat nömrəsi göstərilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver