Rəsmi statistik məlumatlar başdan-başa və yaxud seçmə müşahidələr yolu ilə toplanır. Bu müşahidələr müntəzəm və dövri statistik hesabatlardan, birdəfəlik uçotaalmalardan, müxtəlif siyahıyaalmalardan, sorğulardan, müayinələrdən ibarətdir.
Dövlət (region) statistika müşahidələri aparılan zaman, qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, statistik müşahidələrin növü, metodologiyası, proqramları və obyektləri həmçinin rəsmi statistikanın aparılması üçün bütün mənbələrdən məlumatların alınması, inzibati registrlərdən və ya dövlət statistika orqanlarının məlumatları əsasında aparılan qiymətləndirmələrdən istifadə edilməsi, beynəlxalq təşkilatların və Şuranın tövsiyələri nəzərə alınmaqla, dövlət statistika orqanları tərəfindən müəyyən edilir. İstifadə olunacaq mənbənin seçilməsinə dair qərar qəbul edilərkən onun keyfiyyətinə, məlumatların vaxtında təqdim edilməsinə, xərclərə və bununla əlaqədar respondentlərə düşən yükə xüsusi diqqət yetirilir.
İqtisadi siyahıyaalmalar, habelə əhalinin ümumrespublika siyahıyaalınmasının həyata keçirilməsi normativ aktlara uyğun aparılır. Onların yerinə yetirilməsi üçün dövlət statistika orqanlarında işləməyən şəxslər müvafiq icra hakimiyyəti orqanının qərarlarında müəyyən edilmiş şərtlər əsasında cəlb edilirlər.
Azərbaycan Respublikasının ərazisində yerləşən bütün hüquqi şəxslər (onların nümayəndəlik və filialları) və fiziki şəxslər dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatları müəyyən edilmiş həcmdə və müddətlərdə haqqı ödənilmədən kağız və ya müvafiq qanunvericiliyə uyğun olaraq məlumatların təqdim edilməsi təsdiq oluna bilən elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim etməyə borcludurlar.
Rəsmi statistika materiallarının istehsalı üçün məlumatların təqdim olunmasına cəlb edilmiş statistik vahidlərin müayinə və siyahıyaalmanın məqsədi, əhatə dairəsi, statistik məlumatların məxfiliyinin təmin edilməsi üçün təminat, həmçinin bu barədə öz səlahiyyət və vəzifələri haqqında məlumat almaq hüququ vardır.
Başdan-başa siyahıyaalmalarda məlumatların təqdim edilməsi üzrə öhdəlik (vəzifə) müvafiq məcmu çərçivəsində əhatə dairəsinin müəyyən meyarlarına cavab verən bütün statistik vahidlərə şamil edilir. Seçmə müayinələrdə bu öhdəlik yalnız seçmə planı əsasında müəyyən edilmiş vahidlərə aid edilir. Seçmə planı müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanır və respondentlərin təmsilçiliyinin və onlara düşən yükün azaldılması məqsədinə xidmət edir.
Dövlət (region) müşahidələrinin aparılması üçün lazım olan məlumatların elektron sənəd formasında dövlət statistika orqanlarına təqdim edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.