Dövlət statistika orqanları digər idarəetmə orqanları ilə qarşılıqlı əlaqədə işləyir, və onlar:
öz işinin nəticələri, hesabat sisteminin vəziyyəti, ölkədə və regionlarda baş verən iqtisadi və sosial proseslər haqqında müvafiq orqanlara müntəzəm məlumat verirlər;
ölkədə statistik materialların istehsalını təşkil edir, respondentlərin hesabatları statistika orqanları tərəfindən müəyyənləşdirilmiş vaxtda və qaydada təqdim etməsinə, onların düzgünlüyünə nəzarəti həyata keçirirlər.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı öz səlahiyyətinə aid olan məsələlər üzrə müəyyən olunmuş qaydada xarici ölkələrin statistika orqanları ilə və beynəlxalq təşkilatlarla beynəlxalq hüquq normalarına müvafiq əlaqələr yaradır, onlarla əməkdaşlıq haqqında müqavilələr bağlayır və bu sahədə Azərbaycan Respublikasını təmsil edir, beynəlxalq səviyyədə konfrans, müşavirə və seminarlar təşkil edir, habelə hökumətlərarası və qeyri-hökumət beynəlxalq təşkilatlarının təşkil etdikləri tədbirlərdə iştirak edir. Beynəlxalq müqavilələrə uyğun olaraq, Azərbaycan Respublikasında iqtisadi, demoqrafik, sosial və ekoloji vəziyyətin başqa ölkələrdəki vəziyyətlə müqayisəsi üçün xarici ölkələrdən statistik məlumatlar alır.