Qanunvericilik › Rəsmi statistika haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 6

Maddə 6. Dövlət statistika orqanlarının vəzifələri

Rəsmi statistika haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Dövlət statistika orqanları öz səlahiyyətlərinə müvafiq surətdə aşağıdakı vəzifələri həyata keçirirlər:

1) Statistika Şurası ilə məsləhətləşmələrdən sonra bu qanunun 3-cü maddəsinin üçüncü abzasına uyğun olaraq, proqramın layihəsini və proqramda nəzərdə tutulmuş statistik tədbirləri hazırlayır, təşkil edir və həyata keçirir;

2) proqramla digər orqanlara həvalə edilmiş rəsmi statistika materiallarının istehsalının və müşahidələrin qanunauyğun aparılmasına metodiki köməkliyi və beynəlxalq təcrübədə qəbul edilmiş standartlarla daha çox müqayisə oluna bilən metodologiyanın, təsnifatların və standartların işlənməsini həyata keçirirlər;

3) proqramın yerinə yetirilməsinə dair illik hesabatı müvafiq icra hakimiyyəti orqanına təqdim edir və bu hesabatı nəşr etdirirlər;

4) Azərbaycan Respublikasının və onun regionlarının icra hakimiyyəti orqanlarını proqrama uyğun olaraq sosial-iqtisadi vəziyyətə dair zəruri statistik məlumatlarla təmin edirlər;

5) statistik vahidlərdən yığılmış zəruri məlumatlar əsasında ölkə və regionlar üzrə ümumiləşdirilmiş və qruplaşdırılmış nəticələri tərtib edirlər, statistik məcmuələr, bülletenlər, icmallar, mətbu buraxılışlar və digər statistik materiallar nəşr edirlər, onları istifadəçilər arasında yayırlar, ictimaiyyətdə maraq doğuran icmal-statistik məlumatları mətbuatda dərc etdirirlər;

6) istifadəçilər tərəfindən statistik nəticələrin səhv şərh edilməsi hallarının qarşısının alınması məqsədilə onlara izahlar verir, mediada çıxışlar edirlər;

7) statistik məlumatların doğruluğunu və obyektivliyini, baş verən sosial-iqtisadi hadisələrə və proseslərə onların tam uyğunluğunu, keyfiyyətliyini və vaxtında toplanmasını, habelə statistik sirr sayılan məlumatların qorunmasını təmin edirlər;

8) rəsmi statistikanın əhəmiyyətinin geniş ictimaiyyətə izah olunmasını təşkil edirlər;

9) statistika sahəsində işləyən mütəxəssislərin ixtisas və biliklərinin yüksəldilməsini təşkil edirlər;

10) Hüquqi şəxslərin və fərdi sahibkarların dövlət reyestrini aparan müvafiq icra hakimiyyəti orqanlarından alınmış və digər məlumatlar əsasında statistik vahidlərin Dövlət registrini tərtib edir və aparırlar;

11) beynəlxalq təcrübədə tətbiq olunan təsnifatlar əsasında və Azərbaycan Respublikasının qanunvericilik aktlarının tələbləri nəzərə alınmaqla, statistik işlərin təşkili üçün zəruri texniki-iqtisadi və sosial məlumatların milli təsnifatlarını hazırlayırlar;

12) hüquqi şəxslərin, dövlət orqanlarının və vətəndaşların müraciətləri əsasında məlumatlar bankında onların özlərinə aid olan məlumatları təqdim edirlər;

13) dövlət statistika hesabatlarını təqdim edən hüquqi və fiziki şəxsləri hesabat formaları və onların tərtibinə dair təlimatlarla pulsuz təmin edir, onları statistik hesabatların təqdim olunma vaxtı, dövriliyi və digər zəruri tələblər haqqında məlumatlandırırlar.

Dövlət statistika orqanları əldə edilmiş məlumatlardan ayrı-ayrı hüquqi, yaxud fiziki şəxslərə qarşı qərarlar qəbul edilməsində istifadə olunması kimi statistik məqsədlərə aidiyyəti olmayan heç bir vəzifəni yerinə yetirmirlər.

Proqramda başqa hallar nəzərdə tutulmayıbsa, dövlət statistika orqanları rəsmi statistika materiallarının proqramda göstərilmiş müddətdə istehsalına görə cavabdehdirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver