19.1. Yoxlanılan sahibkar haqqında məlumatların toplanmasında, yoxlamaların nəticələrinin təhlili və qiymətləndirilməsində sistemliliyin, yoxlamaların effektivliyinin, şəffaflığının, yoxlama prosesinin sadələşdirilməsinin təmin olunması məqsədi ilə yoxlayıcı orqan tərəfindən yoxlamalar zamanı yoxlama suallarının siyahısından istifadə olunmalıdır.
19.2. Yoxlama suallarının siyahısı yoxlama aktının tərkib hissəsidir.
19.3. Yoxlama suallarının siyahısı yoxlama zamanı yoxlanılan məcburi tələbləri əks etdirməli, risklərə əsaslanmalıdır.
19.4. Yoxlama suallarının siyahısına icrası məcburi olan əhəmiyyətli tələblər daxil edilməlidir. Əhəmiyyətli tələblər o tələblərdir ki, pozulması insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaratsın və ya mühüm zərər vursun. Yoxlama sualları aydın və birmənalı tərtib olunmalıdır. Sualların prioritetliyi onlara təyin olunmuş müxtəlif xüsusi çəki (bal) üzrə müəyyən edilməlidir. Hər bir yoxlama suallının siyahısının elə bir qiymətləndirmə sistemi olmalıdır ki, yoxlamadan sonra yoxlama obyektinin risk səviyyəsini müəyyənləşdirməyə imkan versin. Hər bir sual üçün fərqli xüsusi çəki (bal) risk dərəcəsinə mütənasib olmalıdır.
19.5. Yoxlama suallarının siyahısında əks olunan tələblərin icra vəziyyəti haqqında müvafiq qeydlər yoxlama zamanı yoxlama suallarının siyahısına müvafiq qeydlərin daxil edilməsinə səlahiyyətləndirilmiş yoxlayıcı tərəfindən daxil edilir.
19.6. Yoxlama zamanı yalnız yoxlama suallarının siyahısına daxil edilmiş məcburi tələblərin icra vəziyyəti yoxlanılır. Yoxlama zamanı yoxlama suallarının siyahısına daxil edilməyən tələblərin pozulması faktı aşkar olunduğu halda həmin fakt üzrə məsuliyyət tədbiri tətbiq oluna bilməz.
19.7. Yoxlama suallarının siyahısı hər bir yoxlayıcı orqan tərəfindən öz nəzarət sahəsinə uyğun olaraq hazırlanır, onun rəhbəri tərəfindən təsdiq edilir və yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi təmin olunur. Yoxlayıcı orqanın nəzarət sahəsinə aid olmayan məsələlər həmin yoxlayıcı orqan tərəfindən hazırlanan və tətbiq edilən yoxlama suallarının siyahısına daxil edilə bilməz. Yoxlayıcı orqan yoxlama suallarının hazırlanması və onun qiymətləndirilməsi prosesinə müstəqil ekspertləri cəlb edə bilər.
19.8. Yoxlama suallarının siyahısının forması və tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
19.9. Yoxlama suallarının siyahısı yoxlayıcı orqanın rəsmi internet saytında yerləşdirilir.