Qanunvericilik › Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 20

Maddə 20. Yoxlamanın aparılması

Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

20.1. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir.

20.2. Bu Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər.

20.3. Sahibkar və ya onun səlahiyyətli nümayəndəsi yoxlama prosesində yoxlamaya aid sənədləri yoxlayıcıya təqdim etməli və yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verməli, habelə təhrif olunmuş və ya yanlış məlumat verməməlidir. Götürülmüş sənədlərin əsli yoxlayıcı tərəfindən yoxlama zamanı və ya yoxlama bitdikdən dərhal sonra yoxlama aktının nüsxəsi ilə birlikdə sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə qaytarılmalıdır.

20.4. Yoxlama predmetinə aid olan məsələlərin aydınlaşdırılması məqsədi ilə yoxlayıcı orqan yoxlamaya aid sənədlərin və məlumatların alınması üçün dövlət və yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə müraciətlər göndərə bilər. Müraciətə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ən qısa müddətdə, lakin yeddi iş günündən gec olmayan müddətə cavab verilməlidir.

20.5. Yoxlama yalnız sahibkarın iş vaxtında və iş günlərində sahibkarın yerləşdiyi və ya faktiki fəaliyyət göstərdiyi ünvanda (yoxlamanın aparıldığı ünvan yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilir) aparılır. Yoxlama tədbirləri sahibkarın normal iş rejimini pozmamalıdır.

20.6. Yoxlama zamanı yoxlayıcılar əsaslı qərar qəbul etmək üçün bütün fakt və məsələləri, o cümlədən sahibkar üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.

20.7. Yoxlayıcılar yoxlama tədbirlərinin tam görülməsi üçün və müvafiq faktiki məlumatın yoxlanılan sahibkar tərəfindən təqdim olunan sənədlərdə olan məlumatla uyğunluğunu müəyyən etmək məqsədi ilə yoxlanılan sahibkarın fəaliyyət üçün istifadə etdiyi əraziyə (yaşayış sahəsi istisna olmaqla), istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə və xidməti nəqliyyat vasitələrinə baxış keçirir. Yoxlayıcı baxışın keçirilməsi haqqında protokol tərtib edir. Yoxlayıcı tərəfindən bu Qanunun 20.1-ci, 20.5-ci və 20.9-cu maddələrində müəyyən edilmiş vəzifələrə riayət edildiyi və sahibkarın bu Qanunun 20.2-ci, 20.11-ci və 20.12-ci maddələrində nəzərdə tutulmuş hüquqlarına maneçilik törədilmədiyi halda, sahibkar yoxlama prosesində bu Qanunun 20.7-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş yerlərə (obyektlərə) baxış keçirilməsinə mane olmamalıdır.

20.8. Sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə (yaşayış sahəsi istisna olmaqla), istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə və xidməti nəqliyyat vasitələrinə baxış yoxlanılan sahibkarın və ya onun nümayəndəsinin iştirakı ilə keçirilir. Yoxlayıcı həmin yerlərə buraxılmadıqda bu barədə yoxlama aktında qeydlər aparılır.

20.9. Yoxlayıcı texniki vasitələrdən (audio, video və foto avadanlıqlarından, surətçıxarandan və skanerdən) istifadə etmək qərarını verdikdə bu barədə yoxlanılan sahibkara və ya onun nümayəndəsinə imzası alınmaqla məlumat verir. Yoxlanılan sahibkar və ya onun nümayəndəsi məlumatın alınması faktını imzası ilə təsdiqləməkdən imtina etdikdə yoxlayıcı tərəfindən imtina aktı tərtib edilir və bu barədə yoxlama aktında müvafiq qeydlər aparılır.

20.10. Foto, audio və video materiallar, kompyuter məlumatı və digər məlumat daşıyıcıları yoxlamanın materiallarına əlavə edilir və saxlama müddəti ərzində saxlanılır. Foto, audio və video materiallar sahibkarın yazılı razılığı olmadan media subyektlərinə təqdim edilə bilməz.

20.11. Yoxlanılan sahibkar aparılan yoxlama tədbirlərinin foto, video çəkilişini və audio yazılışını apara bilər.

20.12. Yoxlanılan sahibkar istədiyi halda yoxlamada köməklik göstərilməsi üçün müxtəlif təşkilatların nümayəndələrini və ya istənilən üçüncü şəxsləri dəvət edə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver