Qanunvericilik › Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 34

Maddə 34. Yoxlayıcı orqanların (yoxlayıcıların) qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi qaydası

Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

34.1. Yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati (yuxarı dövlət orqanına və ya yuxarı dövlət orqanı olmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)) və məhkəmə qaydasında şikayət verə bilər. Yuxarı dövlət orqanı olmayan yoxlayıcı orqanların siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

34.2. Yoxlayıcı orqanın qərarından verilən şikayətə yuxarı dövlət orqanı tərəfindən 15 iş günü müddətində baxılır və aşağıdakı qərarlardan biri qəbul edilir:

34.2.1. yoxlayıcı orqanın qərarının qüvvədə saxlanılması haqqında;

34.2.2. yoxlayıcı orqanın qərarının ləğv edilməsi haqqında;

34.2.3. yoxlayıcı orqanın qərarında dəyişiklik edilməsi haqqında.

34.3. Yoxlayıcıların hərəkətlərindən (hərəkətsizliyindən) verilən şikayətlərə baxılması üzrə yuxarı dövlət orqanı şikayətin təmin edilməsi və ya təmin edilməməsi haqqında qərar qəbul edir.

34.4. Yoxlayıcı orqanların (yoxlayıcıların) qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) verilən şikayətlərə baxılmasına dair yuxarı dövlət orqanının qərarı qəbul olunduğu tarixdən üç iş günü müddətində sahibkara elektron formada təqdim edilir və ya alınmasını təsdiq edən poçt vasitəsi ilə göndərilir.

34.5. Verilmiş şikayət və ya Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş digər səbəblər əsasında müvafiq icra hakimiyyəti orqanı yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan yoxlama aparılması və ya qeydiyyata alınmış yoxlama barədə məlumatın verilməsi qaydalarının pozulması ilə bağlı müvafiq inzibati xətanın əlamətlərini müəyyən etdikdə, yuxarı dövlət orqanı isə yoxlayıcı orqanlar (yoxlayıcılar) tərəfindən yoxlamaların qeydiyyatı ilə bağlı tələblər və prosedurlar istisna olmaqla, bu Qanunla müəyyən edilmiş digər tələblərin və prosedurların pozulması ilə bağlı müvafiq inzibati xətanın əlamətlərini müəyyən etdikdə, inzibati xətalar haqqında işlər üzrə icraata başlamaq üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun tədbirlər görməlidirlər.

34.6. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) yuxarı dövlət orqanı olmayan yoxlayıcı orqana münasibətdə bu Qanunun 34.1-ci maddəsinə uyğun olaraq şikayətə baxdığı zaman bu Qanunla müəyyən edilmiş tələblərin və prosedurların pozulması ilə bağlı müvafiq inzibati xətanın əlamətlərini müəyyən etdikdə, bu Qanunun 34.5-ci maddəsində nəzərdə tutulmuş tədbirləri görməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver