Dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr, və vətəndaşlar radioaktiv maddələrlə və digər ionlaşdırıcı şüalanma mənbələri ilə işləyərkən radiasiya təhlükəsizliyi normalarına və sanitariya qaydalarına, habelə radioaktiv maddələrin və digər ionlaşdırıcı şüalanma mənbələrinin çıxarılması, alınması, hazırlanması, istifadə olunması, emalı, daşınması, saxlanılması, işlədilməsi və basdırılması zamanı radiasiya təhlükəsizliyini təmin etmək barəsində digər normativ sənədlərdə göstərilmiş tələblərə əməl etməlidirlər.
Radiasiya təhlükəsizliyi normaları və radioaktiv maddələrlə, digər ionlaşdırıcı şüalanma mənbələri ilə işin sanitariya qaydaları tələblərinin pozulduğu bütün hallar hökmən dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin iştirakı ilə xüsusi müzakirə edilməlidir.
Radioaktiv və ionlaşdırıcı şüalar verən maddələrin tullantılarının zərərsizləşdirilməsi (basdırılması), emalı sahəsində müəssisələrin, habelə bu fəaliyyətlə bağlı digər obyektlərin layihələndirilməsi və fəaliyyəti zamanı ətraf mühitə təsirin qiymətləndirilməsi “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” və “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun həyata keçirilməlidir.