38.1. Məntəqə seçki komissiyasının sədri, katibləri və üzvləri seçkilərin (referendumun) təyin edilməsi haqqında səlahiyyətli dövlət orqanının qərarının (sərəncamının) dərc edildiyi gündən seçkilərin (referendumun) nəticələrinin dərc edildiyi günədək olan müddətdə, habelə hər il seçici siyahılarının hazırlandığı dövrdə dövlət büdcəsi hesabına pul təminatı alırlar. Məntəqə seçki komissiyasının tərkibinə seçilən, dövlət və ya yerli büdcələrdən maliyyələşdirilən orqanlarda, müəssisələrdə, təşkilatlarda və ya təsisatlarda qulluq edən şəxsin əsas iş yeri üzrə aldığı əmək haqqı saxlanılır.
38.2. Səsvermə gününə 30 gün qalmış müddətdə məntəqə seçki komissiyasının üzvü müvafiq rayon prokurorunun razılığı olmadan cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz və ya məhkəmə qaydasında müəyyənləşdirilən inzibati tənbeh tədbirlərinə məruz qala bilməz. Məntəqə seçki komissiyasının üzvü cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda, məntəqə seçki komissiyasının üzvünü tutan orqan dərhal müvafiq rayon prokuroruna və dairə seçki komissiyasına xəbər verir.