Patent verilmiş seleksiya nailiyyətlərindən istifadə lisenziya müqaviləsi əsasında həyata keçirilir.
Lisenziya müqaviləsinə görə patent sahibi açıq və ya məcburi lisenziyada seleksiya nailiyyətindən istifadə hüququnu haqqı ödənilməklə başqa şəxsə (lisenziata) verə bilər.
Açıq lisenziyada patent sahibi seleksiya nailiyyətindən istifadə hüququnun müəyyən hissəsini özündə saxlamaqla, qalan hissəsini lisenziatın müstəsna istifadəsinə verir.
Məcburi lisenziyada patent sahibinin seleksiya nailiyyətini patentindən irəli gələn bütün hüquqları, o cümlədən lisenziyanı üçüncü şəxslərə vermək hüququ saxlanılır.
Patent sahibi patent hüququnu birdəfəlik satırsa, seleksiya nailiyyətindən istifadə hüququnu birdəfəlik itirir.
Lisenziya müqaviləsi yazılı formada bağlanır və müvafiq qaydada səlahiyyətli orqanda qeydə alındıqdan sonra qüvvəyə minir.
Lisenziya müqaviləsinin hüquqi şərtləri və tərəflərin məsuliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.