I. Dinc toplantıda işitrak edən hər bir şəxs bu Qanunun 7-9-cu maddələrinə uyğun qoyulmuş məhdudiyyətlərə və şərtlərə əməl etməlidir.
II. Şəxslər toplantıda könüllü iştirak edirlər. Heç kəs toplantıda iştirak etməyə məcbur edilə bilməz. Kimi isə toplantıda iştirak etməyə məcbur edən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyət daşıyırlar.
III. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq toplantı zamanı iştirakçıların şifahi və yazılı fikir və söz azadlığı vardır. Bu azadlığın həyata keçirilməsi Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq normalarına uyğun məhdudlaşdırıla bilər.
IV. Toplantı zamanı iştirakçılar ictimai qaydanın qorunmasına köməklik göstərməli və təşkilatçıların, habelə müvafiq icra hakimiyyəti orqanı nümayəndələrinin qanuni tələblərinə əməl etmək üçün bütün mövcud imkanlardan istifadə etməlidirlər.
V. Bu Qanuna uyğun keçirilən toplantının iştirakçısı həmin toplantıda iştirak etməsinə görə sonradan hüquqi məsuliyyətə cəlb edilə bilməz. Yalnız hüquq pozuntusuna yol vermiş bu Qanuna uyğun keçirilən toplantının iştirakçıları hüquqi məsuliyyətə cəlb edilə bilərlər. Dinc toplantı qeyri-dinc toplantıya çevrildiyi halda hüquq pozuntusu törətməyən toplantı iştirakçısı, habelə toplantının dinc olmadığından qabaqcadan xəbərdar olmamış toplantı iştirakçısı yalnız həmin toplantıda iştirak etdiyinə görə məsuliyyətə cəlb edilə bilməz.
VI. Toplantı iştirakçılarının odlu və ya soyuq silah, habelə insanların həyat və sağlamlığı üçün təhlükə yarada bilən və ya əmlaka zərər vura bilən daş-kəsək, şüşə və taxta parçaları, dəyənəklər, bədən xəsarəti yetirmək üçün xüsusi düzəldilmiş əşyalar, partlayıcı maddələr və ya pirotexnika məmulatı, güclü təsir edən, zəhərli, tez alışan və ya aşındırıcı maddələr, radioaktiv materiallar gəzdirməsi qadağandır.
VII. Toplantının iştirakçıları bu Qanunun 8-ci maddəsinin VI hissəsində və 14-cü maddəsinin II hissəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının, toplantı təşkilatçılarının və ya təşkilatçıların nümayəndələrinin toplantının dayandırılması haqqında qərarından sonra dağılışmalıdırlar.