I. Bu Qanunun 7-ci maddəsinin tələbləri nəzərə alınmaqla, toplantının keçirilməsi ilə əlaqədar polis orqanlarının aşağıdakı hüquqları vardır:
1) toplantının təhlükəsizliyini təmin etmək məqsədi ilə yığıncağın, mitinqin, nümayişin, küçə yürüşünün və ya piketin keçirilməsinə bir gün qalmış toplantı yerini yoxlamaq;
2) bu Qanunun 5-ci maddəsinin IV hissəsində nəzərdə tutulmuş toplantılar istisna olmaqla keçirilməsi barədə qabaqcadan yazılı xəbərdarlıq verilməyən toplantını dayandırmaq;
3) yazılı xəbərdarlıqda göstərilən toplantının keçirilmə yeri və vaxtı, küçə yürüşünün marşrutu (yürüşün başlanacağı və bitəcəyi yer) əsaslandırılmış səbəb olmadan dəyişdirilərsə, toplantını dayandırmaq;
4) toplantıya odlu və ya soyuq silah, habelə insanların həyat və sağlamlığı üçün təhlükə yarada bilən və ya əmlaka zərər vura bilən daş-kəsək, şüşə və taxta parçaları, dəyənəklər, bədən xəsarəti yetirmək üçün xüsusi düzəldilmiş əşyalar, partlayıcı maddələr və ya pirotexnika məmulatları, güclü təsir edən zəhərli, tez alışan və ya aşındırıcı maddələr, radioaktiv materiallarla gəlmiş şəxsləri saxlamaq və tədbirin keçirildiyi yerdən uzaqlaşdırmaq;
5) bu maddənin I hissəsinin 4-cü bəndində nəzərdə tutulmuş əşya və ya maddələri gəzdirməsi barədə əsaslı şübhə doğuran adamlara şəxsi baxış keçirmək.
II. Bu Qanunun 8-ci maddəsinin I—III hissələrində nəzərdə tutulmuş qadağanların və 7-ci maddəsində, habelə 8-ci maddəsinin V və VI hissələrində nəzərdə tutulmuş sərəncamların icrası ilə əlaqədar polis orqanlarının aşağıdakı hüquqları vardır:
1) toplantının dayandırılması və dağılışması barədə təşkilatçılara və iştirakçılara məlumat vermək;
2) toplantının təşkilatçılarına və iştirakçılarına toplantının dayandırılması və iştirakçıların dağılışması üçün bütün mövcud imkanlardan istifadə etmək barədə əmr vermək;
3) toplantının dayandırılması və iştirakçıların dağılışması barədə əmrin yerinə yetirilmədiyi halda onlara qarşı fiziki qüvvə və ya xüsusi vasitələrin tətbiq ediləcəyi barədə təşkilatçıları və iştirakçıları xəbərdar etmək;
4) toplantının dayandırılması və iştirakçıların dağılışması üçün müvafiq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fiziki qüvvə və ya xüsusi vasitələr tətbiq etmək;
5) toplantını dayandırmaq və dağılışmaq barədə əmri yerinə yetirməyən şəxsləri saxlamaq.
III. Bu maddədə nəzərdə tutulmuş hallarda polis orqanları qayda-qanunu bərpa etmək məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq son dərəcə zəruri olan xüsusi vasitələrdən istifadə etməlidirlər.
IV. Toplantı zamanı ictimai asayişi qorumaq, ictimai qaydanı bərpa etmək və insanların təhlükəsizliyini təmin etmək üçün daxili qoşunlardan istifadə edilə bilər.
V. Toplantının bu maddədə nəzərdə tutulan hallarda güc tətbiq edilməklə dağıdılması zamanı polis işçiləri və daxili qoşunlar əl-qolu bağlama vasitələrindən, qalxanlardan, dəyənəklərdən, su atan vasitələrdən, xüsusi təyinatlı qazlardan, rezin güllələrdən və bu məqsədlər üçün nəzərdə tutulmuş digər xüsusi vasitələrdən istifadə edə bilərlər.
VI. Polis əməkdaşları tərəfindən fiziki qüvvənin və ya xüsusi vasitələrin tətbiqi hər bir halda yaranmış təhlükəyə mütənasib olmalıdır.
VII. Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş polis orqanlarının səlahiyyəti bu Qanunla məhdudlaşdırılmır.