119.1. Sığortaçı ləğv edildikdə onun kreditorlarının sığortaçı tərəfindən qəbul edilən tələbləri aşağıdakı qaydada ödənilir:
119.1.1. birinci növbədə, icbari sığorta müqavilələri ilə bağlı sığorta hadisəsi üzrə tələblər;
119.1.2. ikinci növbədə, şəxsi sığorta üzrə könüllü sığorta müqavilələri ilə bağlı sığorta hadisəsi üzrə tələblər;
119.1.3. üçüncü növbədə, əmlak sığortası üzrə könüllü sığorta müqavilələri ilə bağlı sığorta hadisəsi üzrə tələblər;
119.1.4. dördüncü növbədə, müddəti başa çatmamış sığorta müqavilələri üzrə sığorta haqqının müvafiq hissəsinin bu Qanuna uyğun olaraq qaytarılması ilə bağlı tələblər;
119.1.4-1. beşinci növbədə sığortaçının əmlakının ipoteka və ya girov qoyulması ilə təmin edilmiş öhdəliklər üzrə kreditorların bu Qanunun 119.3-cü maddəsinə uyğun olaraq ödənilməmiş tələbləri;
119.1.5. altıncı növbədə, sığortaçının fəaliyyəti nəticəsində həyatına və ya sağlamlığına zərər dəymiş fiziki şəxslərin belə zərərlə bağlı tələbləri;
119.1.6. yeddinci növbədə, işdənçıxarma müavinətlərinin verilməsi, əmək müqaviləsi üzrə işləyən şəxslərin əməyinin, həmçinin müəlliflik müqavilələrinə əsasən haqların ödənilməsi üzrə hesablaşmalar;
119.1.7. səkkizinci növbədə, dövlət büdcəsinə vergilər, büdcədənkənar dövlət fondlarına məcburi dövlət sosial sığorta haqları, işsizlikdən sığorta haqları, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə ödənilməli məbləğlər, dövlət büdcəsindən verilmiş kreditlərin qaytarılması üzrə borclar, həmçinin sığortaçının ləğvi tarixindən əvvəlki bir il ərzində rüsumlarla və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən icbari ödənişlərlə bağlı yaranmış tələblər;
119.1.8. doqquzuncu növbədə digər qalan kreditorlarla hesablaşmalar.
119.2. Hər növbənin tələbləri əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir.
119.3. Sığortaçının ləğvetmə prosesi ilə bağlı xərcləri və onun əmlakının ipoteka və ya girov qoyulması ilə təmin edilmiş öhdəliklər üzrə həmin təminatın məbləği həddində kreditorların tələbləri növbədənkənar ödənilir. Təminat kreditorların tələbini tam ödəmədikdə, ödənilməmiş məbləğ bu Qanunun 119.1.4-1-ci maddəsində müəyyən edilmiş növbəliliklə ödənilir.
119.4. Eyni növbəyə aid olan tələblər ödənilərkən, vəsaitlər həmin tələblər arasında onların məbləğlərinə mütənasib olaraq bölüşdürülür.
119.5. Kreditorun razılığına əsasən onun tələbi pul ilə və (və ya) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə zidd olmayan üsullarla, hesablamalarda nisbət gözlənilməklə tələbin əmlaka yönəldilməsi yolu ilə natura formasında ödənilə bilər.