16.1. Sığorta növü sığortaçı tərəfindən bir, yaxud bir neçə sığorta sinifləri əsasında təklif edilən və sığorta müqaviləsi bağlanması yolu ilə sığortalılara təqdim olunan sığorta məhsuludur.
16.2. Yalnız Mərkəzi Bankdan icazə aldıqdan sonra sığortaçı müvafiq sığorta növü üzrə sığorta müqavilələri bağlaya bilər.
16.3. Bu Qanunun 16.5-ci maddəsində nəzərdə tutulmuş müəyyən qaydalar mövcud olmadıqda sığortaçı könüllü sığorta növünün aparılmasına icazə almaq üçün hazırladığı müvafiq sığorta qaydalarını Mərkəzi Bankla razılaşdırmalıdır.
16.4. İcbari sığortanın hər bir növünün aparılması üzrə əlavə tələblər icbari sığorta qanunları ilə müəyyən edilir.
16.5. Bu Qanunun 16.6-cı maddəsinin tələbi nəzərə alınmaqla, Mərkəzi Bank fiziki şəxslərə təqdim edilən müəyyən könüllü sığorta növü üzrə bütün sığortaçılar üçün məcburi olan sığorta qaydalarını qəbul edir.
16.6. “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sığorta qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.