17.1. Həyatın yığım sığortası üzrə fəaliyyət göstərən sığortaçı sığorta olunan şəxsə sığorta müqaviləsinin ən azı 2 il müddətində qüvvədə olması şərti ilə, qaytarılan məbləğin 50 faizi həddində, həmin məbləğ girov qoyulmaqla borc verə bilər. Bu halda borc sığorta müqaviləsinin qüvvədə olma müddətinin başa çatmasınadək qalmış vaxtdan çox müddətə verilə bilməz. Bu maddədə nəzərdə tutulmuş borcun verilməsi qaydaları Mərkəzi Bank tərəfindən müəyyən edilir.
17.2. Annuitet müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçı dövri sığorta ödənişlərinin miqdarını aktuarinin rəyi əsasında artıra bilər.
17.3. Həyatın yığım sığortası və (və ya) annuitet sığortası üzrə fəaliyyət göstərən sığortaçı müştərilərə hesab açdıqda və ya maliyyə xidmətləri göstərdikdə, Azərbaycan Respublikasının normativ hüquqi aktlarının, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl edilməsini təmin etməli və həmin beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 76-1-ci maddəsinin tələbləri əsasında həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına təqdim etməlidir.