46.1. Mərkəzi Bank lisenziya verilməsi üçün ilkin müraciəti aşağıdakı hallarda rədd edir:
46.1.1. bu Qanunun 44.1-ci maddəsində nəzərdə tutulmuş sənədlər tam həcmdə təqdim edilmədikdə (bu Qanunun 44.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla) və ya onlarda bu Qanunun tələblərinə uyğunsuzluqlar aşkar olunduqda, habelə sənədlərdəki məlumatlar 45.2-ci maddəyə uyğun olaraq tələb olunan qaydada tamamlanmadıqda və ya düzəldilmədikdə, habelə benefisiar mülkiyyətçilərin sığortaçıya təsirinin onun etibarlı və prudensial idarə olunması üçün təhlükə törədəcəyinə əsaslar verən faktlar olduqda və ya sığortaçının ilkin nizamnamə kapitalının mənbəyi məlum olmadıqda;
46.1.2. bu Qanunun 18-ci, 19-cu, 20.1-ci və 37-ci maddələrinin tələbləri tam təmin olunmadıqda, habelə bu Qanunun 22.5-ci maddəsinə uyğun olaraq mühüm iştirak payının və ya əhəmiyyətli nəzarətin əldə edilməsinə razılıq verilməsindən imtina əsası olduqda;
46.1.3. təsisçilərin maliyyə vəziyyəti qeyri-qənaətbəxş olduqda;
46.1.4. biznes-plan gələcək fəaliyyət zamanı maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin, təsis edilən sığortaçının normal fəaliyyət göstərməsinin təmin edilməsi, habelə sığortalıların hüquqlarının müdafiəsi baxımından qənaətbəxş hesab edilmədikdə;
46.1.5. Mərkəzi Banka bu Qanunun 45.2-ci maddəsinə uyğun olaraq verilmiş tələbdən sonra da sığortaçı olmaq üçün təsis edilən hüquqi şəxs və onun təsisçiləri barədə yanlış məlumatlar təqdim edilməsi aşkar və şübhəsiz olduqda.
46.2. Mərkəzi Bank lisenziya verilməsi üçün ilkin müraciəti rədd etdikdə bu Qanunun 45.4-cü maddəsində nəzərdə tutulmuş bildirişdə bunun səbəblərini göstərməlidir.