Qanunvericilik › Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 6

Maddə 6. Sığorta sirri

Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

6.1. Aşağıdakı məlumatlar sığorta sirri hesab edilir:

6.1.1. sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin adı, ünvanı və digər şəxsi məlumatları;

6.1.2. hər hansı sığorta müqaviləsinin sığorta məbləği və ya qaytarılan məbləğ;

6.1.3. hər hansı sığorta müqaviləsi üzrə ödənilmiş, yaxud ödənilməmiş sığorta haqqı;

6.1.4. hüquqi şəxs olan sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin kommersiya və ya biznes sirri;

6.1.5. sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin şəxsi və ailə həyatı ilə bağlı, o cümlədən səhhətinə və əmlakına aid məlumatlar.

6.2. Sığorta bazarının peşəkar iştirakçıları peşəkar fəaliyyətləri nəticəsində əldə etdikləri sığorta sirri hesab edilən məlumatları qorumalı, həmin məlumatları aşağıdakı hallardan başqa digər şəxslərə açıqlamamalıdırlar:

6.2.1. sığorta sirrinin aid olduğu şəxsin yazılı razılığı əsasında;

6.2.2. təkrarsığorta və ya şərikli sığorta müqaviləsi bağlamaq məqsədilə təkrarsığorta və ya şərikli sığorta müqaviləsinin digər tərəfinə, habelə təkrarsığorta müqaviləsinin bağlanmasında vasitəçilik edən sığorta brokerinə;

6.2.3. səlahiyyətli orqanın qərarı əsasında ibtidai istintaq orqanının icraatında olan cinayət işləri üzrə həmin orqana;

6.2.4. məhkəmənin qərarı əsasında onun icraatında olan işlər üzrə həmin məhkəməyə;

6.2.5. sığorta sektorunda nəzarət funksiyalarının yerinə yetirilməsi ilə bağlı Mərkəzi Banka;

6.2.6. sığorta risklərinin qiymətləndirilməsi, sığorta hadisəsinin araşdırılması və (və ya) zərərlərin tənzimlənməsi üçün lazım olan istənilən məsələlər üzrə bu Qanunun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla sığorta əməliyyatlarına cəlb edilmiş sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslərə və müstəqil ekspertlərə;

6.2.7. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sığorta növləri üzrə İcbari Sığorta Bürosuna;

6.2.8. fiziki şəxs sığortalı, sığorta olunan və ya faydalanan şəxs öldükdə aşağıdakı şəxslərə:

6.2.8.1. notariat qaydasında təsdiq edilmiş ərizələri əsasında vərəsələrə;

6.2.8.2. məhkəmənin qərarı əsasında icraatında ölmüş müvafiq şəxslə bağlı vərəsəlik işləri olan məhkəməyə;

6.2.8.3. şəxsin ölməsi haqqında şəhadətnamənin surəti əlavə olunmaqla müvafiq notariusun yazılı sorğusu əsasında ölmüş şəxslə bağlı vərəsəlik məsələlərinə baxan notariusa;

6.2.8.4. xarici ölkələrin konsulluq idarələrinin yazılı sorğusu əsasında icraatlarında ölmüş şəxslə bağlı vərəsəlik işləri olan həmin idarələrə.

6.2.9. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda maliyyə monitorinqi orqanına;

6.2.10. Vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, bu dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hədlərdə və qaydada müvafiq icra hakimiyyəti orqanı vasitəsilə həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına;

6.2.11. “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Hesablama Palatasına.

6.3. Sığorta sirrini qanuni yolla əldə edən bütün şəxslər onu yaymağa və digər şəxslərə açıqlamağa görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver