70.1. Sığortaçı ona aidiyyəti olan şəxslə bu Qanunun 69.1-ci maddəsində nəzərdə tutulmuş əqdləri yalnız aşağıdakı şərtlərlə bağlaya bilər:
70.1.1. sığortaçının Direktorlar Şurası təklif olunan əqdi sığortaçının maraqlarına və bu Qanunun 69-cu və 71-ci maddələrinin tələblərinə uyğun hesab etdikdə;
70.1.2. bu Qanunun 69.1.1-ci maddəsində nəzərdə tutulmuş əqdlər istisna olmaqla, aidiyyəti şəxslərlə bağlanan əqdlərin məcmu dəyəri sığortaçının öz vəsaitinin 10 faizindən çox olmadıqda;
70.1.3. aidiyyəti şəxslə bağlanması nəzərdə tutulan əqdin dəyəri sığortaçının aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil etdiyi halda, həmin əqdin bağlanması barədə sığortaçı tərəfindən cəlb edilmiş müstəqil auditorun rəyi və səsvermədə iştirak etmək hüququ olan səhmdarların Ümumi Yığıncağının sadə səs çoxluğu ilə qəbul edilən qərarı olduqda;
70.1.4. aidiyyəti şəxslə bağlanması nəzərdə tutulan əqdin dəyəri sığortaçının aktivlərinin 5 faizədək hissəsini təşkil etdiyi halda, həmin əqdin bağlanması barədə qərarın qəbul edilməsi səlahiyyətinin sığortaçının nizamnaməsi ilə səhmdarların Ümumi Yığıncağına və ya İdarə Heyətinə həvalə edildiyi hallar istisna olmaqla, Direktorlar Şurasının qərarı olduqda.
70.2. Direktorlar Şurasının və İdarə Heyətinin üzvləri, habelə sığortaçının struktur bölmələrinin (filial, nümayəndəlik və s.) rəhbərləri özlərinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.5-ci, 49-1.6-cı və 49-1.7-ci maddələri ilə müəyyən edilmiş qaydada təqdim etməlidirlər.
70.3. Aidiyyəti şəxslərlə əqdlərin bağlanılmasının digər qaydaları Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1-ci maddəsi ilə müəyyən olunur.