74.1. Sığortaçının səlahiyyətli idarəetmə orqanı hər il sığortaçının müstəqil auditorunu təyin edir.
74.2. Aşağıdakı tələblərə cavab verən sərbəst auditorlar və ya auditor təşkilatları sığortaçının müstəqil auditoru ola bilər:
74.2.1. audit xidməti göstərmək üçün müvafiq lisenziyanın olması;
74.2.2. sığortaçıya münasibətdə müstəqil olması.
74.3. Sərbəst auditor və ya auditor təşkilatı aşağıdakı hallarda auditin aparılması nəzərdə tutulan sığortaçıya münasibətdə müstəqil hesab edilmir:
74.3.1. həmin sığortaçı ilə münasibətlərində sığortalı və ya sığorta olunan qismində çıxış etdiyi hallardan başqa, onunla hər hansı maliyyə əlaqəsində olduqda;
74.3.2. sığortaçının, onun törəmə cəmiyyətinin və ya asılı cəmiyyətinin idarəetmə orqanlarının üzvü, işçisi və ya sığorta agenti olduqda;
74.3.3. sığortaçının, onun törəmə cəmiyyətinin və ya asılı cəmiyyətinin idarəetmə orqanlarının üzvü, işçisi və ya sığorta agenti ilə hər hansı maliyyə əlaqəsində olduqda;
74.3.4. sığortaçının, onun törəmə cəmiyyətinin və ya asılı cəmiyyətinin nizamnamə kapitalında birbaşa və ya dolayısı ilə mühüm iştirak payına malik olduqda;
74.3.5. sığortaçının auditoru təyin edildiyi tarixdən əvvəlki 2 il ərzində onun törəmə cəmiyyətinin və ya asılı cəmiyyətinin müvəqqəti inzibatçısı olduqda.
74.4. Sərbəst auditor və ya auditor təşkilatı ardıcıl olaraq 3 ildən artıq müddət ərzində eyni sığortaçının müstəqil auditoru təyin edilə bilməz.