81.1. Sığorta ehtiyatları sığortaçının sığorta və ya təkrarsığorta müqavilələri üzrə sığorta ödənişlərinin həyata keçirilməsi üçün öhdəliklərinin məcmusuna uyğun olaraq formalaşdırılan fondlardır.
81.2 Sığortaçılar sığorta əməliyyatları üzrə fəaliyyətinin sabitliyini təmin etmək üçün sığorta haqları hesabına sığorta ehtiyatlarını formalaşdırırlar.
81.3 Sığortaçı qüvvədə olan sığorta və təkrarsığorta müqavilələri üzrə qəbul edilmiş öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üçün həyat sığortası və qeyri-həyat sığortası üzrə aktuari tərəfindən hesablanmış məbləğdə sığorta ehtiyatlarını formalaşdırmalıdır.
81.4 Sığortaçı həyat sığortası üzrə formalaşdırdığı sığorta ehtiyatlarından yalnız həyat sığortası müqavilələri üzrə sığorta ödənişlərinin verilməsi üçün istifadə etməlidir. Sığortaçı müflisləşdikdə və ya ləğv edildikdə həmin ehtiyatlar sığortalının və sığorta olunanın seçimi əsasında digər sığortaçıya ötürülə və ya sığorta olunana qaytarıla bilər.
81.5 Sığortaçı həyat sığortası üzrə aşağıdakı ehtiyatları formalaşdırır:
81.5.1 uzunmüddətli öhdəliklər ehtiyatı (riyazi ehtiyatlar);
81.5.2 baş vermiş, lakin bildirilməmiş zərərlər ehtiyatı;
81.5.3 bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatı;
81.5.4. katastrofik risklər üzrə ehtiyat.
81.6 Sığortaçı qeyri-həyat sığortası üzrə aşağıdakı ehtiyatları formalaşdırır:
81.6.1. qazanılmamış sığorta haqları ehtiyatı;
81.6.2. baş vermiş, lakin bildirilməmiş zərərlər ehtiyatı;
81.6.3. bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatı;
81.6.4. sabitləşdirici ehtiyat;
81.6.5. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsində müəyyən edilmiş şərti öhdəliklər ehtiyatı;
81.6.6. katastrofik risklər üzrə ehtiyat.
81.7. Sığortaçının qeyri-həyat sığortası üzrə formalaşdırdığı sığorta ehtiyatları onun sığorta və təkrarsığorta müqavilələri üzrə öhdəliklərinə uyğun gəlmədikdə Mərkəzi Bank ondan əlavə ehtiyatların formalaşdırılmasını tələb etməlidir.
81.8. Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarını təmin edən aktivlərin diversifikasiya səviyyəsinə, etibarlılığına, investisiyaya yönəldilməsinə, rentabelliyinə, likvidliyinə, tərkibinə və digər keyfiyyət meyarlarına dair tələblər nəzərə alınmaqla sığorta ehtiyatlarının formalaşdırılması qaydaları, həmçinin katastrofik risklərin meyarları Mərkəzi Bank tərəfindən müəyyən edilir.
81.9. Sığorta ehtiyatlarının aktuari tərəfindən hesablanmış məbləği həmin ehtiyatların bu Qanunun 81.8-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq hesablanmış məbləğindən az ola bilməz.