81-6.1. Bu Qanunun 81-1.0-cı maddəsində nəzərdə tutulan hesablamaların nəticəsi üzrə rəy — aktuari rəyi sığortaçının məsul aktuarisi tərəfindən təsdiqlənməlidir.
81-6.2. Sığortaçı aktuari rəyinin tərtib edilməsi üçün öz fəaliyyəti ilə bağlı tələb olunan bütün sənəd və məlumatları məsul aktuariyə təqdim etməlidir.
81-6.3. Aktuari rəyi aşağıdakı tələblərə riayət olunmaqla tərtib edilir:
81-6.3.1. metodik vəsaitlərin və aktuar fərziyyələrin düzgün seçilməsi və aktuar hesablamaların düzgün aparılması;
81-6.3.2. sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyəti ilə bağlı mövcud vəziyyəti tam əhatə etməklə onun düzgün qiymətləndirilməsi;
81-6.3.3. sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyətinin yaxşılaşdırılmasına dair lazımi tövsiyələrin verilməsi;
81-6.3.4. Mərkəzi Bank tərəfindən müəyyən edilən digər hesablamalar və göstəricilərin daxil edilməsi.
81-6.4. Aktuari rəyinin hazırlanması zamanı istifadə olunmuş metodoloji vəsaitlər, modelləşdirmə prinsipləri barədə məlumat və aktuar fərziyyələri həmin rəyə əlavə olunur.
81-6.5. Sığortaçı aktuari rəyinin tərtib edilməsi üçün öz fəaliyyəti ilə bağlı tələb olunan hər hansı sənədi və ya məlumatı verməkdən imtina etdikdə, yaxud sığortaçının belə sənəd və ya məlumatı gizlətməsini məsul aktuarinin bildiyi və ya bilməli olduğu halda, o, bu barədə Mərkəzi Banka yazılı məlumat verməlidir.
81-6.6. Aktuari rəyi məsul aktuari tərəfindən sığortaçıya və Mərkəzi Banka təqdim edilməlidir. Aktuari rəyinin məzmunu, forması və təqdim edilməsi qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilir.
81-6.7. Aktuari rəyinin hazırlanmasında istifadə olunmuş metodoloji vəsaitlər, modelləşdirmə prinsipləri və aktuar fərziyyələri barədə məlumat həmin rəyin Mərkəzi Banka təqdim olunan nüsxəsinə əlavə edilir.