81-5.1. Sığortaçının məsul aktuarisi, bu Qanunun 37-ci maddəsində sığortaçının rəhbər işçiləri üçün nəzərdə tutulmuş ümumi tələblərlə yanaşı aşağıdakı tələblərə də cavab verməlidir:
81-5.1.1. bu Qanunun 95.3-cü maddəsində nəzərdə tutulan aktuarilərin reyestrinə daxil olmalıdır;
81-5.1.2. eyni sığortaçıda digər vəzifə tutmamalıdır.
81-5.2. Məsul aktuari aşağıdakılara görə sığortaçı və Mərkəzi Bank qarşısında öhdəlik daşıyır:
81-5.2.1. maliyyə sabitliyi və ödəmə qabiliyyəti ilə bağlı sığortaçının gündəlik vəziyyətini nəzarətdə saxlamaq;
81-5.2.2. sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyətinin pisləşməsinə səbəb ola bilən hallar barədə sığortaçının İdarə Heyətini və Direktorlar Şurasını xəbərdar etmək;
81-5.2.3. sığortaçının idarəetmə orqanları tərəfindən bu Qanunun 81-5.2.2-ci maddəsində göstərilən halların aradan qaldırılması istiqamətində tədbirlər görülmədikdə, bu barədə Mərkəzi Banka yazılı məlumat vermək.
81-5.3. Məsul aktuari yayılması "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmayan sənədləri və məlumatları sorğu əsasında dövlət orqanlarından və digər təşkilatlardan almaq hüququna malikdir.