82.1. Bu Qanunun məqsədləri üçün sığorta agentləri və sığorta brokerləri sığorta vasitəçiləri hesab edilir.
82.2. Sığortaçı ilə bağladığı tapşırıq müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta agenti sığortaçının adından və onun verdiyi səlahiyyətlər daxilində sığorta müqavilələrinin bağlanmasında, davam etdirilməsində və ya yenilənməsində, habelə tərəflər arasında danışıqların aparılmasında vasitəçilik fəaliyyəti göstərən fiziki, yaxud hüquqi şəxsdir. Sığorta agenti bir neçə sığortaçının sığorta agenti kimi fəaliyyət göstərə bilər.
82.2-2. Sığortaçı ilə sığorta agenti arasında bağlanan vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq müqaviləsində aşağıdakılar əks olunmalıdır:
82.2-2.1. tapşırıq müqaviləsinin nömrəsi və tarixi;
82.2-2.2. sığortaçının adı və ünvanı;
82.2-2.3. sığorta agenti fiziki şəxs olduqda, onun adı, atasının adı, soyadı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, lisenziyasının seriya və nömrəsi və VÖEN-i;
82.2-2.4. sığorta agenti hüquqi şəxs olduqda, onun adı, olduğu yer, lisenziyasının seriya və nömrəsi, VÖEN-i, müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğuldursa, icra orqanının rəhbərinin, əsas fəaliyyəti digər fəaliyyət növüdürsə, icra orqanının rəhbəri ilə yanaşı, bu Qanunun 83.2.2-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq attestasiyadan keçmiş işçilərinin adı, soyadı və atasının adı;
82.2-2.5. tapşırıq müqaviləsinin predmeti;
82.2-2.6. sığorta agentinin müştərilərə təklif edəcəyi sığorta növlərinin siyahısı;
82.2-2.7. tapşırıq müqaviləsi üzrə sığorta agentinə ödənilməli olan komisyon muzdun məbləği;
82.2-2.8. tərəflərin hüquq və vəzifələri;
82.2-2.9. müqavilə şərtlərini pozmağa görə tərəflərin məsuliyyəti;
82.2-2.10. tapşırıq müqaviləsinin qüvvədə olduğu ərazi;
82.2-2.11. tapşırıq müqaviləsinin qüvvədə olduğu müddət;
82.2-2.12. tərəflərin rekvizitləri.
82.3. Sığorta brokeri sığorta məsələləri, o cümlədən danışıqların aparılması, sığorta müqaviləsinin davam etdirilməsi və ya yenilənməsi, risklərin yerləşdirilməsi ilə əlaqədar vasitəçilik fəaliyyəti göstərən, sığorta müqavilələrinin bağlanmasına və sığorta tələbinə dair məsləhətlər verən fiziki, yaxud hüquqi şəxsdir.
82.4. Sığorta vasitəçiləri müştərilərinə göstərdikləri vasitəçilik, yaxud məsləhət xidmətlərinə görə komisyon muzd alırlar.
82.5. Fiziki şəxs müvafiq sığorta vasitəçiliyini sərbəst və ya hüquqi şəxs olan sığorta vasitəçisinin icra orqanının rəhbəri, yaxud adi işçisi kimi onun adından həyata keçirə bilər.
82.6. Hüquqi şəxs olan sığorta vasitəçisinin icra orqanının rəhbəri kimi onun adından müvafiq sığorta vasitəçiliyini həyata keçirən fiziki şəxs belə fəaliyyətlə sərbəst məşğul ola bilməz.
82.7. Hüquqi şəxs olan sığorta vasitəçiləri istənilən təşkilati-hüquqi formaya malik ola bilər.