Qanunvericilik › Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 83

Maddə 83. Sığorta vasitəçiliyi fəaliyyətinin lisenziyalaşdırılması

Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

83.1. Azərbaycan Respublikasında sığorta agenti və ya sığorta brokeri fəaliyyəti ilə məşğul olmaq üçün Mərkəzi Bankdan müvafiq lisenziya alınmalıdır. Şəxslər bu tələbə əməl etməməyə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

83.2. Fiziki şəxs müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq üçün aşağıdakı tələblərə cavab verməlidir:

83.2.1. ən azı 19 yaşının olması;

83.2.2. müvafiq lisenziya almaq istəyən şəxslər üçün Mərkəzi Bankın müəyyən etdiyi qaydalara əsasən Mərkəzi Bankda müvafiq attestasiyadan keçməsi;

83.2.3. bu Qanunun 107.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, sığorta vasitəçiliyi fəaliyyətinə verilmiş lisenziyanın digər əsaslarla ləğv edilməməsi;

83.2.4. məqbul və lazımi keyfiyyətlərə malik olması;

83.2.5. sığorta əməliyyatlarına nəzarət etmək, istiqamətləndirmək və ya cəlb etmək üçün məcbur etmə, təzyiq və ya təsir göstərmə imkanı verən mövqeyə malik olmaması.

83.3. Hüquqi şəxs sığorta agenti fəaliyyətinə lisenziya almaq üçün onun əmək müqaviləsi əsasında işçisi olan ən azı iki şəxs bu Qanunun 83.2.2-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq Mərkəzi Bankda attestasiyadan keçməlidir.

83.3-1. Hüquqi şəxs sığorta agenti fəaliyyəti dövründə attestasiyadan keçməli işçilərinin say həddinə dair bu Qanunun 83.3-cü maddəsinin tələbinə riayət etməlidir.

83.4. Hüquqi şəxs olan sığorta brokeri, habelə müstəsna olaraq sığorta agenti olmaq üçün təsis edilmiş hüquqi şəxs müvafiq sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq üçün onun icra orqanının rəhbəri bu Qanunun 83.2.2-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq Mərkəzi Bankda attestasiyadan keçməlidir.

83.5. Hüquqi şəxs olan sığorta brokerinin səhmdarı və ya iştirakçısı sığorta əməliyyatlarına nəzarət etmək, istiqamətləndirmək və ya cəlb etmək üçün məcbur etmə, təzyiq və ya təsir göstərmə imkanı verən mövqeyə malik olmamalıdır.

83.6. Bu Qanunun 83.2.5-ci və 83.5-ci maddələrində müəyyən edilmiş tələblərə uyğun gəlməyən şəxslərin kateqoriyasını Mərkəzi Bank müəyyən edir.

83.7. Şəxs sığorta agenti və sığorta brokeri fəaliyyətləri ilə eyni vaxtda məşğul ola bilməz.

83.8. Sığorta agenti və ya sığorta brokeri fəaliyyətinə verilən lisenziya müddətsizdir.

83.9. Sığorta agenti və ya sığorta brokeri fəaliyyətinə lisenziya verilməsi, onun qüvvəsinin dayandırılması və ya ləğvi qaydaları bu Qanunla müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver