Qanunvericilik › Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 95

Maddə 95. Sığorta sektorunda tənzimləmə və nəzarətin vəzifələri

Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

95.1. Sığorta sektorunda tənzimləmənin və nəzarətin əsas vəzifələri aşağıdakılardır:

95.1.1. Azərbaycan Respublikasında sığorta bazarının inkişaf etdirilməsi və təkmilləşdirilməsi üçün müvafiq tədbirlər həyata keçirmək;

95.1.2. sığorta işini, həmçinin sığorta bazarını tənzimləmək və sığorta fəaliyyətinə nəzarəti həyata keçirmək;

95.1.3. sığorta işinin qanunvericilik bazasının möhkəmləndirilməsi üzrə tədbirlər həyata keçirmək, icbari sığorta növlərini və beynəlxalq sığorta münasibətlərində Azərbaycan Respublikasının iştirakının prinsiplərini müəyyən etmək;

95.1.4. sığortaçıların, sığortalıların, sığorta olunanların, faydalanan şəxslərin və sığorta bazarının digər iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin, habelə ümumdövlət və ictimai əhəmiyyət daşıyan maraqların qorunması üçün tədbirlər həyata keçirmək.

95.1.5. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməsini təmin etmək.

95.2. Mərkəzi Bank, onun vəzifəli şəxsi, əməkdaşı, təyin edilmiş müvəqqəti inzibatçı sığorta sektorunda tənzimləmə və nəzarətlə bağlı səlahiyyətlərini, habelə ləğvetmə ilə bağlı funksiyalarını həyata keçirərkən qanuna zidd olması və qəsdən zərər vurmağa yönəldilməsi qanuna uyğun qaydada sübuta yetirilməyən hərəkəti (hərəkətsizliyi) nəticəsində yaranan zərərlərə görə məsuliyyət daşımırlar.

95.3. Mərkəzi Bank sığortaçıların, sığorta vasitəçilərinin, o cümlədən xarici sığorta brokerlərinin, onların Azərbaycan Respublikasındakı nümayəndəliklərinin, aktuarilərin, habelə sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərin və müvafiq müstəqil ekspertlərin reyestrini aparır. Bu reyestrlərin aparılması qaydalarını Mərkəzi Bank müəyyən edir.

95.4. Mərkəzi Bank sığortaçıların sistem əhəmiyyətliliyi nəzərə alınmaqla onlar üçün müəyyən edilmiş normativ və tələblərdən fərqli normativlər və tələblər müəyyən etmək hüququna malikdir.

95.5. Sığortaçının sistem əhəmiyyətli sığortaçı kimi qiymətləndirilməsi meyarları Mərkəzi Bank tərəfindən müəyyən olunur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver