Qanunvericilik › Standartlaşdırma haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Əsas anlayışlar

Standartlaşdırma haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:

1.0.1. standartlaşdırma - standartlaşdırma obyektlərinin təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş, kütləvi və təkrar istifadə üçün nəzərdə tutulan normativ sənədlərin hazırlanması, qəbulu və tətbiqi prosesindən ibarət fəaliyyət;

1.0.2. standart – təkrar və ümumi istifadə üçün nəzərdə tutulan, standartlaşdırma obyektlərinə dair qaydaları, tövsiyələri, texniki xarakteristikaları müəyyən edən, tətbiqi könüllü olan normativ sənəd;

1.0.3. beynəlxalq standart - standartlaşdırma üzrə beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş standart;

1.0.4. regional standart - standartlaşdırma üzrə regional təşkilatlar tərəfindən qəbul olunmuş standart;

1.0.5. dövlət standartı - milli standartlaşdırma qurumu tərəfindən qəbul edilən standart;

1.0.6. ilkin dövlət standartı - tətbiqi müvəqqəti olan, istifadəsi zamanı lazımi təcrübənin əldə olunması üçün nəzərdə tutulan standartlaşdırma üzrə normativ sənəd;

1.0.7. dövlətlərarası standartlar - iki və daha çox dövlətin qarşılıqlı razılığı əsasında qəbul olunmuş və bir-biri ilə müvafiq münasibətlərdə istifadə etdiyi standartlar;

1.0.8. istinad edilmiş standart - texniki reqlamentdə müəyyən edilmiş əsas tələblərin həyata keçirilməsi və texniki reqlamentin tətbiqi məqsədilə hazırlanmış standart;

1.0.9. texniki komitə - standartlaşdırma üzrə normativ sənədlərin hazırlanması məqsədi ilə maraqlı tərəflərin iştirakı ilə yaradılan məşvərətçi qurum;

1.0.10. maraqlı tərəflər - standartlaşdırma üzrə normativ sənədləri tətbiq edən və ya həmin sənədlərin hazırlanmasında maraqlı olan dövlət orqanları (qurumları), hüquqi və fiziki şəxslər;

1.0.11. texniki şərtlər - standartlaşdırma obyektlərinə dair texniki tələbləri müəyyənləşdirən, tətbiqi könüllü olan normativ sənəd;

1.0.12. standartlaşdırma üzrə dövlət fondu - müvafiq dövlət orqanları (qurumları), beynəlxalq, regional və xarici ölkələrin aidiyyəti təşkilatları ilə, habelə yerli təşkilatlarla qarşılıqlı əlaqə şəraitində qurulan və standartlaşdırma sahəsində sənədlərin məcmusundan ibarət olan və milli standartlaşdırma qurumu tərəfindən idarə olunan informasiya resursu;

1.0.13. rəsmi nəşr - standartlaşdırma üzrə dövlət fondu bazasında standartlaşdırma üzrə normativ sənədlərin milli standartlaşdırma qurumu tərəfindən kağız və elektron daşıyıcılarda nəşr edilməsi;

1.0.14. rəsmi yayım - müəlliflik hüquqları qorunmaqla, təşkilatların, fiziki və ya hüquqi şəxslərin müvafiq sorğuları əsasında milli standartlaşdırma qurumu tərəfindən rəsmi nəşrin təqdim edilməsi və ya satışı;

1.0.15. standartlaşdırma obyekti – mal (xidmət, iş), onunla əlaqəli proses, idarəetmə sistemi, istehsal metodu, fiziki şəxslər, terminologiya, şərti işarələr, ölçmələr (nümunələrin götürülməsi də daxil olmaqla), sınaq üsulları və qaydaları, ölçmə metodları, uyğunluğun qiymətləndirilməsi prosedurları;

1.0.16. standartların aktuallaşdırılması - standartlaşdırma üzrə normativ sənədlərin aktual vəziyyətdə saxlanılması üçün onların nüsxələrinə müəyyən edilmiş qaydada dəyişikliklərin edilməsi və (və ya) onların qüvvədə olma müddəti, əvəz olunması və ya ləğv edilməsi ilə bağlı proses;

1.0.17. uyğunlaşdırılma - özündə elm və texnikanın ən yeni nailiyyətlərini əks etdirən və standartlaşdırma obyektinin keyfiyyət səviyyəsinə və rəqabətqabiliyyətliliyinə müasir tələbləri müəyyən edən beynəlxalq, regional, dövlətlərarası və xarici dövlətlərin standartlarının milli maraqlar üçün istifadəsi və tətbiqi üzrə fəaliyyət;

1.0.18. milli standartlaşdırma qurumu - standartlaşdırma sahəsində dövlət siyasətindən irəli gələn işləri həyata keçirən, standartlaşdırma üzrə işlərin əlaqələndirilməsini təmin edən və standartlaşdırma üzrə beynəlxalq və regional təşkilatlarda Azərbaycan Respublikasının maraqlarını təmsil edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);

1.0.19. konsensus - maraqlı tərəflərin əksəriyyətinin əhəmiyyətli məsələlər üzrə ciddi etirazının olmaması ilə xarakterizə edilən və bütün tərəflərin fikirlərinin nəzərə alınmasına və fərqli baxışların uzlaşdırılmasına yönəldilmiş prosedur nəticəsində əldə olunan ümumi razılıq;

1.0.20. standartlaşdırma sahəsində normativ sənədlərin yoxlanılması -təkmilləşdirilməsinə və ya ləğvinə ehtiyac olub-olmamasını müəyyən etmək məqsədilə standartlaşdırma üzrə normativ sənədə baxılması;

1.0.21. təsərrüfat subyekti - istehsalçı, idxalçı və ticarət nümayəndəsi (agent);

1.0.22. idarəetmə sistemi – konkret məqsədə çatmaq üçün istifadə olunan prosedur və proseslərin məcmusu. Bu Qanuna görə, idarəetmə sistemi keyfiyyətin, ətraf mühitin, əməyin mühafizəsinin və sağlamlığın, qida və informasiya təhlükəsizliyinin və sosial məsuliyyətin idarəetmə sistemlərini əhatə edir;

1.0.23. uyğunluğun qiymətləndirilməsi - malın (işin, xidmətin), onunla əlaqəli prosesin, idarəetmə sisteminin, istehsal metodunun və fiziki şəxslərin standartlaşdırma sahəsində normativ sənədlərdə göstərilən tələblərə uyğunluğunun müəyyən edilməsi prosesi;

1.0.25. mal – müəyyən kəmiyyət, keyfiyyət və istehlak xüsusiyyətlərinə malik, müxtəlif məqsədlər üçün istifadəsi nəzərdə tutulan, istehsal və ya emal fəaliyyətinin maddi formada təqdim edilən nəticəsi;

1.0.26. xidmət, iş – mal hesab olunmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət;

1.0.27. mal ilə əlaqəli proses – malların istehsalı, qablaşdırılması, etiketləşdirilməsi, daşınması, saxlanılması, istismarı, satışı, məhv edilməsi və utilizasiyası ilə bağlı olan proseslər;

1.0.28. xidmətlə, işlə əlaqəli proses – mal ilə əlaqəli proses sayılmayan, xidmətin göstərilməsi və işin görülməsi ilə bağlı olan proses;

1.0.29. istehsal metodu – malın yaradılması ilə bağlı emal və ya istehsal fəaliyyəti zamanı tətbiq edilən üsul və texniki həllər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver