1. Tikinti obyektlərinin sahibləri və ya yerli orqanlar (bələdiyyələr) mövcud su təchizatı sisteminin genişləndirilməsi barədə su təchizatı müəssisəsinə yazılı müraciət edə bilərlər. Sifarişçinin tikinti obyektini su təchizatı sisteminə qoşmaq məqsədilə su təchizatı sisteminin genişləndirilməsi ərazi planlaşdırılması sənədlərinə uyğun olaraq qanunla qadağan edilməyən mənbələr (sifarişçinin vəsaiti istisna olmaqla) hesabına maliyyələşdirilir.
2. Məişət abonentlərinin və sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan (100 kubmetr daxil olmaqla mövcud şəbəkədən) mövcud və ya inşa ediləcək tikinti obyektinin su təchizatı sisteminə qoşulması paylayıcı şəbəkə və qurğulara qədər məsafə 30 (otuz) metrədək olduqda su təchizatı sisteminin genişləndirilməsinə zərurət olub-olmamasından asılı olmayaraq 30 (otuz) gün müddətində həyata keçirilir.
3. Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin su təchizatı sisteminə qoşulması paylayıcı şəbəkə və qurğulara qədər məsafə 30 (otuz) metrədək olduqda və su təchizatı sisteminin genişləndirilməsinə zərurət olmadıqda 30 (otuz) gün müddətində həyata keçirilir.
4. Bu maddənin 2-ci və 3-cü hissələrində göstərilən hallar istisna olmaqla, mövcud və ya inşa ediləcək tikinti obyektinin su təchizatı sisteminə qoşulması müddəti genişləndirmə işlərinin həcmi nəzərə alınmaqla, tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması qaydası ilə müəyyən olunur.