Qanunvericilik › Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 24-1

Maddə 24-1. Tikinti obyektlərinin su təchizatı sisteminə qoşulması

Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

24-1.1. Tikinti obyektlərinin su təchizatı sisteminə qoşulması və ya əlavə tələbatla bağlı qoşulma nöqtəsinin dəyişdirilməsi qoşulma müqaviləsi əsasında həyata keçirilir və sifarişçiyə qoşulma müqaviləsinin tərkib hissəsi olan texniki şərt verilir.

24-1.2. Tikinti obyektlərinin su təchizatı sisteminə qoşulmasına görə sifarişçi su təchizatı müəssisəsinə qoşulma xidmətinə görə ödəniş həyata keçirir.

24-1.3. Məişət abonentlərinin və sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan (100 kubmetr daxil olmaqla mövcud şəbəkədən) mövcud və ya inşa ediləcək tikinti obyektinin su təchizatı sisteminə qoşulması üçün sifarişçi tərəfindən qoşulma xidmətinə görə ödəniş edildikdən sonra texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və tikinti-quraşdırma işləri su təchizatı müəssisələri tərəfindən həyata keçirilir.

24-1.4. Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin su təchizatı sisteminə qoşulması üçün sifarişçi tərəfindən qoşulma xidmətinə görə ödəniş həyata keçirilir və su təchizatı sistemlərinin layihəsinin hazırlanması və tikinti obyektlərindən su təchizatı sistemlərinə qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri sifarişçinin seçdiyi podratçı, yaxud su təchizatı müəssisələri tərəfindən sifarişçinin hesabına həyata keçirilir.

24-1.5. Su təchizatı müəssisələri sifarişçinin tikinti obyektinin yerləşdiyi əraziyə ən yaxın məsafədə onun tələbatına və şəhərsalma və tikintiyə dair normativ sənədlərə uyğun su təchizatı sistemlərinin mənbəyini müəyyən etməli və texniki şərtlər verməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver