1. Su təchizatı və kanalizasiya müəssisəsinin bildiriş vasitəsi ilə obyektin sahibindən aşağıdakıları tələb etmək hüququ var:
a) daxili su təchizatı və kanalizasiya sisteminin ümumi istifadədə olan su təchizatı və kanalizasiya sistemlərinə birləşməsi üçün istifadə edilən avadanlıqların nasazlıqlarını müəyyən müddətlərdə aradan qaldırmaq. Ümumi sistemə bir neçə sahibin daxili sistemlərinin ardıcıl olaraq qoşulduğu halda su təchizatı və kanalizasiya müəssisəsi belə nasazlıqların aradan qaldırılmasını bir neçə sahibdən və ya onların hamısından tələb edə bilər;
b) bu Qanuna müvafiq olaraq xidmətlərin göstərilməsi haqqında bağlanmış müqavilənin şərtlərinin və bu Qanunun müddəalarının yerinə yetirilməsi üçün zəruri olan vəzifələrin vaxtında yerinə yetirilməsini.
2. Bildirişin tələblərinin yerinə yetirilmədiyi hallarda su təchizatı və kanalizasiya müəssisəsi aşağıdakıları edə bilər:
a) bildiriş almış və müvafiq tələblərin yerinə yetirilməsinə cavabdeh sahibin hesabına nasazlıqların aradan qaldırılması üçün zəruri işləri görmək;
b) obyekti ümumi su təchizatı sistemindən ayırmaq və ya xidmətlərin göstərilməsini dayandırmaq və bu Qanunda nəzərdə tutulmuş qaydada görülmüş işlərin dəyərinin ödənməsini obyektin sahibindən tələb etmək;
c) bildirişdə göstərilmiş tələblərin yerinə yetirilməsi üçün qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəməyə müraciət etmək.