1. Su təchizatı və kanalizasiya müəssisələri bu Qanuna uyğun olaraq hüquq və vəzifələrin həyata keçirilməsini həvalə etməklə səlahiyyətli nümayəndələrini təyin edirlər.
2. Səlahiyyətli nümayəndəyə onun fotoşəkli və şəxsi imzası olan müəyyən olunmuş formada vəsiqə verilir.
3. Zəruri hallarda səlahiyyətli nümayəndə və ya ona bu səlahiyyəti verən su təchizatı və kanalizasiya müəssisəsi kömək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilər. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada ona lazımi kömək göstərməlidir.
4. Səlahiyyətli nümayəndələr sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.