Qanunvericilik › Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 50

Maddə 50. Su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edən obyektə buraxılmaq hüququ

Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Qanunvericilikdə müəyyən edilmiş qaydada sahibə əvvəlcədən bildirməklə səlahiyyətli nümayəndə öz vəsiqəsini təqdim edərək, aşağıdakıları həyata keçirmək üçün su təchizatı və tullantı suları axıdılan obyektə buraxılmaq hüququna malikdir:

a) obyekti su təchizatı və (və ya) kanalizasiya sistemlərinə qoşmaq və ya borcların alınması məqsədi ilə onu sistemlərdən ayırmaq;

b) su və ya tullantı sularından nümunə götürmək, analiz aparmaq, baxış və ölçü işləri aparmaq, fotoşəkil çəkmək və məlumat toplamaq;

c) obyekt sahibi və ya su təchizatı (kanalizasiya) xidmətlərini göstərən müəssisələrin işçiləri tərəfindən bu Qanunla müəyyənləşdirilmiş vəzifələrin və müvafiq tələblərin yerinə yetirilməsinə nəzarət etmək;

ç) suölçən cihazı təmir etmək, onu sökmək və ya onun göstəricilərini götürmək;

d) su təchizatı və tullantı sularının axıdılması sahəsinə aid olan qurğulara, cihazlara, mexanizmlərə və qovşaqlara baxış keçirmək;

e) su təchizatı və kanalizasiya müəssisəsinin funksiyaları ilə əlaqədar hər hansı zəruri işləri yerinə yetirmək;

ə) su təchizatının ehtiyacları üçün torpağın əldə olunmasının məqsədyönlüyünü araşdırmaq məqsədi ilə torpaq sahələrinə və onların üzərindəki su mənbələrinə baxmaq;

f) bu Qanunun müddəalarının icrasının və ya işlədiyi su təchizatı və kanalizasiya müəssisəsinin maraqlarının mühafizəsinin təmin olunmasına nəzarət etmək.

2. Aşağıdakı hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada su təchizatı və kanalizasiya müəssisələrinin səlahiyyətli nümayəndələri bu maddədə nəzərdə tutulmuş məqsədlər üçün obyektlərə əvvəlcədən bildirmədən daxil ola bilərlər:

a) fövqəladə hadisə zamanı;

b) obyekt sahibi işlərin aparılmasına etiraz etmədikdə;

c) suyun çirklənməsini, ondan qeyri məqsədlər üçün və səmərəsiz istifadəni aradan qaldırmaq və həmçinin bu Qanunun müddəalarının pozulmasının qarşısını almaq üçün.

3. Yaşayış binalarının və mənzillərin sahibləri (icarəçiləri) tərəfindən sudan istifadəyə qoşulmuş məhdudiyyətlərə riayət olunmadığı, sudan səmərəsiz və qeyri-məqsədlər üçün istifadə olunduğu və bu Qanunun müddəalarının pozulduğu haqqında əsaslı məlumatların olduğu hallar istisna olunmaqla, su təchizatı və kanalizasiya müəssisələrinin səlahiyyətli nümayəndələrinə yaşayış binalarına saat iyirmi birdən sonra və səhər saat doqquza kimi daxil olmağa icazə verilmir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver