15.1. Taxıl məhsullarının minimum keyfiyyətinə dövlət nəzarətinin məqsədi hüquqi və fiziki şəxslər tərəfindən bu məhsulların istehsalını, tədarükünü, saxlanmasını, daşınmasını, satışını, idxal və ixracını nizamlayan qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl edilməsini təmin etməkdir.
15.2. Taxıl məhsullarının minimum keyfiyyətinə dövlət nəzarəti funksiyalarını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
15.3. Taxıl məhsullarının minimum keyfiyyətinə dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının aşağıdakı səlahiyyətləri vardır:
15.3.1. taxılçılıq fəaliyyətinin subyektləri tərəfindən taxıl məhsullarının minimum keyfiyyətinə dair müəyyən olunmuş qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə riayət edilməsini yoxlamaq;
15.3.2. taxıl məhsullarının istehsalı, tədarükü, saxlanması, daşınması, satışı, idxal və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən taxıl haqqında qanunvericiliyə əməl olunmasını yoxlamaq;
15.3.3. müəyyən edilmiş qaydada keyfiyyətinin təyin edilməsi üçün taxıl məhsullarından nümunələr götürmək, taxılçılıq fəaliyyətinin subyektlərindən taxıl məhsullarının keyfiyyəti barədə müvafiq məlumatlar tələb etmək;
15.3.4. taxılçılıq fəaliyyətinin subyektlərinin rəsmi müraciətinə əsasən taxıl məhsullarının keyfiyyətinə və məqsədli istifadəsinə dair qanunvericiliklə müəyyən edilmiş sənədlər vermək;
15.3.6. taxıl məhsullarının istehsalı, alqı-satqısı, saxlanması, daşınması, idxal və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslərə taxıl haqqında qanunvericiliyin pozulması hallarının aradan qaldırılması üçün icrası məcburi olan göstərişlər vermək;
15.3.7. minimum keyfiyyət göstəriciləri qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun gəlməyən taxıl məhsullarının istifadəsini qadağan etmək, onların götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi barədə müvafiq qərarlar qəbul etmək və təkliflər vermək;
15.3.7-1. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada sahibkarlıq subyektlərində yoxlamaların aparılmasını, o cümlədən məhdudlaşdırıcı tədbirlərin tətbiqini həyata keçirmək;
15.3.8. hüquqi və fiziki şəxslərin müraciəti əsasında taxıl məhsullarının keyfiyyətini ekspertiza etmək.
15.4. Taxıl məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarəti “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
V fəsil
Taxıl haqqında qanunverİcİlİyİn pozulmasına görə məsulİyyət və mübahİsələrİn həllİ