9.1. Mineral suların, müalicəvi palçıqların və digər təbii müalicə ehtiyatlarının müalicəvi xassələri, onların insan orqanizminə təsirinin xüsusiyyətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən elmi tədqiqatlar, çoxillik təcrübələr nəzərə alınmaqla müəyyən edilir.
9.2. Müalicə-sağlamlaşdırma yerləri və kurortların ərazisində mövcud olan mineral suların, müalicəvi palçıqların və digər təbii müalicə ehtiyatları yataqlarının işlənməsi qanunvericilikdə müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış geoloji və hidrogeoloji müəssisələr tərəfindən həyata keçirilir.
9.3. Mineral suların, müalicəvi palçıqların və digər təbii müalicə ehtiyatlarının hasilatı və istifadəsi texnologiyası yataqların vaxtından əvvəl tükənməməsinə, çirklənməməsinə və təbii müalicə ehtiyatlarının öz müalicəvi xassələrini itirməməsinə təminat verməlidir.
9.4. Təbii müalicə ehtiyatlarının işlənməsinə, istifadəsinə və mühafizəsinə dövlət nəzarəti (sahibkarlara münasibətdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla) müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.