Qanunsuz məhkum edilməsi və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar işdən (vəzifədən) çıxarılmış və ya işdən (vəzifədən) kənarlaşdırılmış şəxs, əvvəlki işə (vəzifəyə) bərpa edilməli, bu mümkün olmadıqda isə (müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi, vəzifənin ixtisar olunması), dövlət məşğulluq xidməti tərəfindən başqa müvafiq (əvvəlki işinə bərabər olan) işlə (vəzifə ilə) təmin edilməlidir və ya ona əvvəlki vəzifəsini itirməsi ilə əlaqədar vurulmuş ziyana görə pul kompensasiyası ödənilməlidir.
Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda işdən (vəzifədən) çıxarılma haqqında müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş şəxsin əmək kitabçasında edilmiş qeyd etibarsız hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş şəxsin tələbi ilə onun işdən (vəzifədən) çıxarılması haqqında əmək kitabçasında müvafiq qeyd aparmış orqan və ya onun vəzifəli şəxsi beş gün müddətində etibarsız hesab olunmuş qeydin olmadığı əmək kitabçasının dublikatını ona verməlidir.