Şəxsin tutulma, həbsdə olma, cəza çəkmə müddətləri və işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət həm ümumi əmək stajına, həm də ixtisas üzrə və fasiləsiz staja daxil edilir.
Fəhlələrin və dövlət qulluqçularının, eləcə də üzvlük əsasında (kooperativ və digər müəssisələrdə) işləmiş şəxslərin, bu maddənin birinci hissəsində göstərilmiş müddətlərin əlavə edilməsi şərtilə hesablanmış əmək stajı, həmin şəxslərə imtiyazların və müavinətlərin, o cümlədən təqaüdlərin və dövlət sosial sığortası üzrə ödənişlərin təyin edilməsi zamanı nəzərə alınır. Bu staj fəhlələrə və qulluqçulara imtiyazlı təqaüdlərin və xidmət işlərinə görə təqaüdlərin təyin edilməsi, ixtisas üzrə iş müddətinin davamından asılı olaraq aylıq maaş dərəcəsinin (vəzifə maaşının) müəyyən edilməsi və birdəfəlik mükafatlandırma və ya xidmət illərinə görə faiz artırmalarının ödənilməsi zamanı nəzərə alınmalıdır.
Bu maddənin birinci hissəsində göstərilmiş müddəalar, yaşla əlaqədar imtiyazlı təqaüdlərin təyin edilməsi zamanı, təqaüdün təyin edilməsi üçün müraciət etmiş şəxsin istəyi ilə, onun qanunsuz məhkum edilməsindən və ya cinayət, yaxud inzibati məsuliyyətə cəlb edilməsindən əvvəlki, yaxud cinayət və ya inzibati məsuliyyətdən və ya cəza çəkməkdən azad edilməsindən sonrakı işinə bərabər tutulur.