15-11.1. Bu Qanunun 15-9.1.6-cı maddəsində göstərilən maliyyə mənbələri istisna olmaqla, icbari tibbi sığortanın maliyyə mənbələri üzrə daxil olan vəsaitlər icbari tibbi sığorta fondunda cəmləşdirilir.
15-11.2. Bu Qanunun 15-10.1.1-ci maddəsində nəzərdə tutulan sığorta haqqı dövlət büdcəsinin vəsaiti hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu Qanunun 16-4.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, hər ay üçün bərabər hissələrlə növbəti ayın 15-dən gec olmayaraq ödənilir.
15-11.3. Bu Qanunun 15-10.1.2-ci və 15-10.1.2-1-ci maddələrində nəzərdə tutulan sığorta haqqı sığortalı tərəfindən hər ay üçün hesablanır, əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq, sığortalı Azərbaycan Respublikasında fəaliyyətini müvəqqəti dayandırdıqda, habelə sığortalı ləğv edildikdə, yaxud fəaliyyətinə xitam verildikdə isə bu barədə müvafiq ərizədə (arayışda) göstərildiyi tarixdən 30 gün müddətində, lakin hesabatın təqdim edilməsi üçün bu Qanunla müəyyən edilmiş müddətdən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş forma üzrə hesabat təqdim edilir.
15-11.4. Bu Qanunun 15-10.1.3-cü maddəsində nəzərdə tutulan sığorta haqqı (Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan və Azərbaycan Respublikasının ərazisində fərdi qaydada (muzdlu işçi cəlb etmədən) avtomobil nəqliyyatı vasitələri ilə sərnişin daşımalarını həyata keçirən (Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.4.1-ci maddəsində nəzərdə tutulan fiziki şəxslər tərəfindən ödənilən sığorta haqqı istisna olmaqla) hər ay üçün hesablanır, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş forma üzrə bəyannamə təqdim edilir və sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər tərəfindən icbari tibbi sığorta haqqı “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” alınarkən, Azərbaycan Respublikasının ərazisində fərdi qaydada (muzdlu işçi cəlb etmədən) avtomobil nəqliyyatı vasitələri ilə sərnişin daşımalarını həyata keçirən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.4.1-ci maddəsində nəzərdə tutulan fiziki şəxslər tərəfindən isə “Fərqlənmə nişanı” alınarkən ödənilir.
15-11.5. Bu Qanunun 15-10.1.4-cü maddəsində nəzərdə tutulan sığorta haqqı hər ay üçün hesablanır, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş forma üzrə bəyannamə təqdim edilir və sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir.
15-11.6. Bu Qanunun 15-10.1.5-ci maddəsində nəzərdə tutulan sığorta haqqı tam məbləğdə hər təqvim ili üçün yanvar ayının 15-dək icbari tibbi sığorta fonduna ödənilir.
15-11.9. Bu Qanunun 15-10.1.1-ci maddəsində nəzərdə tutulan sığorta haqqının ümumi məbləğinin hesablanması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
15-11.10. Bu Qanunun 15-2.2.3-1-ci maddəsində nəzərdə tutulan şəxslər tərəfindən sığorta haqqının ödənilməsi müddətləri pozulduqda, bu Qanunun 15-10.1.5-ci maddəsində müəyyən olunmuş sığorta haqqının 10 faiz həcmində əlavə sığorta haqqı ödəyirlər.
15-11.11. Bu Qanunun 15-11.10-cu maddəsində nəzərdə tutulan faizlər sığorta haqqının ödənilmədiyi bütün müddətə hər ay üçün, lakin bir ildən çox olmamaq şərtilə hesablanır. Ödənilməmiş sığorta haqları və əlavə sığorta haqları üzrə yaranmış borclar cari təqvim ili və əvvəlki son bir təqvim ili üçün hesablanır.
15-11.12. Bu Qanunun 15-2.2.3-1-ci maddəsində nəzərdə tutulan şəxslər tərəfindən sığorta haqqının ödəmək öhdəliyi təqvim ili ərzində yarandıqda, həmin şəxslər üçün sığorta haqqı 12-yə bölünməklə öhdəliyinin yarandığı ay da daxil olmaqla ilin sonunadək növbəti ayların sayına vurulmaqla hesablanır.