QanunvericilikAzərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi › Maddə 269

Maddə 269. Xilas edənin, gəmi sahibinin və gəmi kapitanının vəzifələri

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

269.1. Təhlükə altında olan gəminin və ya digər əmlakın sahibinə münasibətdə xilas edən aşağıdakıları etməyə borcludur:

269.1.1. xilasetmə əməliyyatlarını lazımi qayğı ilə həyata keçirməlidir;

269.1.2. bu Məcəllənin 269.1.1-ci maddəsində nəzərdə tutulmuş vəzifəni yerinə yetirərkən ətraf mühitə vurulan zərərin qarşısını almaq və ya azaltmaq üçün lazımi qayğı göstərməlidir;

269.1.3. halların tələbi ağlabatan olduqda kömək üçün digər xilas edənlərə müraciət etməlidir;

269.1.4. təhlükə altında olan gəminin kapitanının və ya sahibinin, yaxud təhlükə altında olan digər əmlakın sahibinin tələbi ağlabatan olduqda, əgər bu, mükafatın miqdarına təsir göstərməyəcəkdirsə, digər xilas edənlərin iştirakına razılıq verməlidir.

269.2. Xilas edənə münasibətdə təhlükə altında olan gəminin kapitanı və sahibi və ya təhlükə altında olan digər əmlakın sahibi aşağıdakıları etməyə borcludurlar:

269.2.1. xilasetmə əməliyyatlarının gedişində onunla tam əməkdaşlıq etməlidirlər;

269.2.2. bu Məcəllənin 269.2.1-ci maddəsində nəzərdə tutulmuş vəzifəni yerinə yetirərkən ətraf mühitə vurulan zərərin qarşısını almaq və ya azaltmaq üçün lazımi qayğı göstərməlidirlər;

269.2.3. əgər xilas edənin tələbi ağlabatandırsa, təhlükəsiz yerə çatdırılandan sonra gəmini və ya digər əmlakı qəbul etməlidirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver