5.1. Azərbaycan Respublikasında ticarət gəmiçiliyinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir.
5.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dövlət nəzarətini aşağıdakı istiqamətlərdə həyata keçirir:
5.2.1. ticarət gəmiçiliyinə dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və ticarət gəmiçiliyi haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə riayət olunmasına;
5.2.2. gəmilərin təhlükəsiz hərəkətinin idarəetmə sisteminə;
5.2.3. dəniz yollarının və dəniz yollarında qurulmuş texniki naviqasiya vasitələrinin vəziyyətinə;
5.2.4. gəmilərin dövlət qeydiyyatına və gəmilərə olan hüquqlara;
5.2.5. dəniz bələdçi xidmətinə və dəniz limanlarında, habelə dəniz əməliyyatları bazalarında gəmilərin hərəkətini idarəetmə sisteminə;
5.2.6. xilasetmə xidmətinə və onun digər xilasetmə xidmətləri ilə qarşılıqlı fəaliyyətinə;
5.2.7. dəniz ətraf mühitinin mühafizəsinə.