Qanunvericilik › Torpaqların münbitliyi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 15

Maddə 15. Münbitliyi itirilmiş torpaqların təsərrüfat dövriyyəsindən çıxarılması və konservasiyası

Torpaqların münbitliyi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Təbii və antropogen proseslərin zərərli təsiri nəticəsində münbitliyi itirilmiş torpaqların münbitlik xassələrinin bərpası və artırılması məqsədi ilə onlar təsərrüfat dövriyyəsindən müvəqqəti çıxarılır və konservasiya edilir.

Münbitliyin itirilmə dərəcəsindən asılı olaraq konservasiya edilmiş torpaqların münbitlik xassələrinin bərpası və artırılması üçün üç dövr müəyyən edilir:

birinci dövr - üç ilədək;

ikinci dövr - üç ildən beş ilədək;

üçüncü dövr - beş ildən artıq.

Mülkiyyət formasından asılı olmayaraq, torpaqların təsərrüfat dövriyyəsindən müvəqqəti çıxarılması, konservasiya edilməsi, habelə onların münbitliyinin bərpası və artırılmasına dair kompleks tədbirlər müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

Təbii və antropogen proseslərin zərərli təsiri nəticəsində münbitliyi itirilmiş və konservasiya edilmiş torpaqların münbitliyinin bərpası, artırılması, habelə onların təsərrüfat dövriyyəsinə qaytarılması işləri başa çatdırılana qədər həmin torpaqlar dövlətin və ya bələdiyyələrin müvafiq ehtiyat torpaq fonduna keçirilir, torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada torpağın dəyəri ödənilir.

Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin müraciətinə və müvafiq icra hakimiyyəti orqanının razılığına əsasən konservasiya edilmiş torpaq sahələri təsərrüfat dövriyyəsinə qaytarılana qədər, dövlətin və ya bələdiyyələrin ehtiyat torpaq fondundan, onların müvəqqəti istifadəsinə və ya icarəsinə müvafiq ölçüdə torpaq sahəsi verilə bilər. Belə hallarda torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə torpağın dəyəri ödənilmir.

Münbitliyi itirilmiş torpaqların konservasiya edilməsi və təsərrüfat dövriyyəsinə qaytarılması qaydaları Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver